"Fransanın atdığı bu addım fonunda Parisin danışıqlar prosesində iştirakına ümumiyyətlə lüzum qalmır”.
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Əlimusa İbrahimov Fransanın Ermənistana 50 ədəd VAB MK3 zirehli transportyor verməsinə münasibət bildirərkən deyib.
"Fransanın hərbi cəhətdən Ermənistana yardım etməsi hadisəsi İrəvanın danışıqlar prosesində mövqeyini müəyyən qədər gücləndirməyə və danışıqlar prosesini pozmağa istiqamətlənmiş addımlar kimi qiymətləndirilə bilər. Amam bununla belə, Fransanın bu sayaq yardımlarının Ermənstanı Azərbaycanla yenidən müharibəyə başlamağa sövq edəcək qədər gücləndirəcəyini də düşünmürəm. Çünki 2020-ci ildə Ermənistan ordusu bərbad vəziyyətə salınıb və onun 50 ədəd hərbi texnika almaqla gücləndirilməsi mümkün deyil. Ermənistan ordusunu Azərbaycanla döyüş qabiliyyətinə malik olacaq səviyyəyə çatdırmaq istəyi Fransaya nəsib olmayacaq. Fransa sadəcə bu addımla Ermənistanın arxasında dayandığını ortaya qoyur. Bu mənada aydındır ki, Parisin danışıqlar prosesində iştirakı İrəvanın rolunu, mövqeyini gücləndirməyə hesablanıb. Bu da birbaşa olaraq Parisin danışıqlar prosesinə müdaxilə etməsi deməkdir. Belədə Paris bir da göstərir ki, danışıqlar prosesində iştirakçı olmaqla əslində açıq tərəfkeşlik nümayiş etdirir. Halbuki vasitəçi qismində iştirak edən tərəf birmənalı şəkildə bitərəf mövqe sərgiləməlidir”, deyə politoloq bildirib.
Həmsöhbətimiz bildirir ki, Paris bunun əksini etmək, Ermənstana silah verməklə əslində özünün danışıqlarda iştirakını mənasız edir:
"Belə ki, bu halda Azərbaycan tərəfində Fransanın obyektivliyinə inam tamamilə itəcək. Onsuz da əvvəldən də bu inam yox idi. Ancaq Paris öz çirkin addımlarını davam etdirməklə Azərbaycanda ona olmayan inamı daha da qıracaq. Belə vəziyyətdə Fransanın danışıqlar prosesində iştirakına ümumiyyətlə lüzum qalmır. Bundan sonra da Qarabağ danışıqlarında onun iştirakının davam etməsi, aydın məsələdir ki, prosesin irəliləməsinə deyil, əksinə onun dondurulmasına, nəticə əldə edilməməsinə gətirib çıxaracaq”.
Qeyd edək ki, Avropada Proqnozlaşdırma və Təhlükəsizlik İnstitutunun (IPSE) direktoru Emmanuel Dupuy Fransanın Ermənistana 50 ədəd VAB MK3 zirehli transportyor tədarük edəcəyini bildirib. Habelə, Ermənistan tərəfindən Fransanın "Arquus” şirkətinin istehsalı olan "Bastion” və "Şerpa” zirehli maşınlarının da alınması imkanları müzakirə olunur.
Rüfət Sultan