Macarıstanın Ukraynaya 50 milyard avroluq yardıma mane olması səbəbindən bəzi Aİ rəsmiləri ölkənin vetosunu dayandıra biləcək "cəza” prosedurundan istifadə etməyi düşünür.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” adı açıqlanmayan avropalı rəsmilərə istinadən
yazır.
Nəşrin yazdığı kimi, söhbət Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsindən gedir. Həmin maddəyə əsasən, qanunun aliliyi pozulduğu təqdirdə Aİ-yə üzv dövlət səsvermə hüququndan məhrum edilə bilər. FT əlavə edir ki, başqa bir dövlət bu qərarın qarşısını ala bilər, lakin "Polşada hökumət dəyişikliyi Macarıstanın artıq zəmanətli müdafiəçiyə malik olmaması deməkdir".
"Eyni zamanda, bir çox ölkələr Aİ-nin əsas "silahını” üzv dövlətə qarşı istifadə etməkdən narahatdırlar”, - materialda deyilir.
Bunun əvəzinə rəsmilər bildirirlər ki, indi prioritet Macarıstanın Baş naziri Viktor Orbanı razı salmaqdır. Əgər bu yolla onun vetosunu aşmaq mümkün olmasa, o zaman Aİ-nin digər 26 ölkəsi təkbaşına saziş bağlaya bilər, baxmayaraq ki, bu, vaxt aparacaq və yalnız qısamüddətli həll yolu olacaq, - FT yazır.
"Ola bilsin ki, Macarıstan daha çox problem yarada bilər. Ola bilsin ki, Macarıstan bizi bir neçə fərqli alətdən istifadə etməyə məcbur edə bilər. Amma sonda Macarıstan bizim Ukraynaya pul verməmizə mane ola bilməz. O, bəzilərinin düşündüyü kimi Putinin kuklası deyil”, – Brüssel sammitində iştirak edən digər yüksək rütbəli Aİ rəsmisi deyib.
Xatırladaq ki, Avropa Komissiyası Ukraynanın Avropa Birliyinə daxil olması ilə bağlı danışıqlara noyabrda başlamağı tövsiyə etdikdən sonra Macarıstanın baş naziri ardıcıl olaraq blokun digər 26 üzv ölkəsi tərəfindən dəstəklənən qərarı bloklamaqla hədələyib.
Dekabrın 14-də Avropa Şurası Ukrayna və Moldova ilə danışıqlara başladığını elan edib, həmçinin Gürcüstana namizəd statusu verib. Aİ liderləri qərar verərkən Orban otağı tərk edib. Daha sonra o, səsvermədə iştirak etmək istəmədiyini bildirib. Orban həmçinin bildirib ki, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı yekun qərarı Macarıstan parlamenti verəcək və daha sonra proses "ən azı 75 dəfə bloklana bilər”.
Eyni zamanda, elə həmin axşam Macarıstan Ukraynaya 50 milyard avronun ayrılmasına veto qoyub. Məsələyə 2024-cü ilin yanvarında yenidən baxılacaq.
Orban vetonu ləğv etmək üçün Aİ-nin Budapeştə bütün dondurulmuş vəsaitləri ödəməsini istəyir. Sammitdən əvvəl Avropa Komissiyası artıq 10 milyard avrodan çox vəsaiti blokdan çıxarıb.
Nizami Bağırov