
İyunun 10-da axşam saatlarında Gəncədə əsən güclü külək və leysan yağış ciddi fəsadlar törədib.
APA-nın məlumatına görə, qasırğa hələ də davam edir, güclü yağış nəticəsində obyektlərə su dolub. Şəhərdə infrastruktur iflic vəziyyətə düşüb. Məlumata görə, elektrik enerjisinin verilişi bərpa olunsa da qısa zamandan sonra (5 dəqiqdə) yenidən dayandırılıb. Aidiyyatı qurumlar qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
***
İyunun 10-da axşam saatlarında Gəncədə əsən güclü külək və leysan yağış ciddi fəsadlar törədib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, leysan yağışla müşayiət olunan qasırğa şəhərin mərkəzi küçələrində bir neçə ağacı aşırıb, bəzi evlərin dam örtüyünə zərər yetirib, şəhərin elektrik təchizatında problemlər yaranıb.
Gəncənin Heydər Əliyev prospektində 4 nəfər güclü küləyin nəticəsində aşan ağacın altında qalıb. Hadisə nəticəsində xəsarət alan şəxslər Gəncə şəhərinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Yolun digər hissəsində ağac aşaraq 2 avtomobilin üstünə düşüb. Qeyd olunan fəsadlar nəticəsində nəqliyyatın hərəkətində maneələr yaranıb. Bundan başqa, yağmaqda davam edən güclü yağış nəticəsində bir neçə evi su basıb.
Məlumata görə, şəhərin əksər hissəsində enerjinin verilişi dayandırılıb. Aidiyyatı qurumlar qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görür.
Qaynar.info