Xəbər lenti

Gənclər Fondundan yeni qrant müsabiqəsi - ELAN
Ölkə07:15 29.12.2013

Gənclər Fondundan yeni qrant müsabiqəsi - ELAN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2013-cü il dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fondan Qaynar.info-ya verilən məlumata görə, yığıncağın gündəliyinə dördüncü qrant müsabiqəsinin nəticələrinin müzakirəsi, növbəti müsabiqənin elan olunması, Fondun fəaliyyətini tənzimləyən bəzi sənədlərdə dəyişikliklərin edilməsi və digər məsələlər daxil edilib.
 
Müşahidə Şurasının sədri, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov dördüncü qrant müsabiqəsinin yekunları barədə məlumat verərək bildirib ki, yalnız “C” kateqoriyası  üzrə keçirilən bu müsabiqəyə  oktyabrın 8-dən noyabrın 18-dək  14-29 yaşlı şəxslər tərəfindən 668  fərdi layihə təqdim edilib.

 Ötən müddət ərzində layihələr Fondda sistemləşdirilmiş və təhlil olunmuş, hər biri haqqında annotasiya və rəy hazırlanmışdır. Müzakirələr nəticəsində Müşahidə Şurasının üzvləri təqdim olunan layihələrdən 391-nin maliyyələşdirilməsini məqsədəuyğun saymışlar. Gənclərin təşəbbüsləri qiymətləndirilərkən,   təhsildəki yeniliklərə və elmi nailiyyətlərə həsr olunmuş tədbirlərin təşkili, intellektual yarışların və incəsənətin müxtəlif sahələri üzrə müsabiqələrin keçirilməsi, gənc  texniklərin ideyalarının reallaşdırılması, bədii və elmi ədəbiyyata marağın artırılması, könüllülüyün və tolerantlığın təbliği, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası,  ekoloji durumun yaxşılaşdırılması, region gənclərinin ictimai fəallığının artırılması və s. mövzularda  hazırlanan, real icra planı və büdcəsi olan  layihələrə üstünlük verilmişdir.  Barələrində müsbət qərar qəbul olunmuş fərdi layihələrin maliyyələşdirilməsi üçün Fond tərəfindən 833 min manat vəsait ayrılmışdır.

Müşahidə Şurası növbəti  qrant müsabiqəsinin elan olunması barədə də qərar qəbul etmişdir.  Beşinci müsabiqənin “A”, “B”, “C” və “E” kateqoriyaları üzrə  keçirilməsi nəzərdə tutulmuş, hər kateqoriya üzrə prioritet istiqamətlər müəyyənləşdirilmişdir. Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev təklif etmişdir ki, “E” kateqoriyasının məzmunu dəyişdirilsin, həmin istiqamət üzrə Azərbaycan Respublikasında fəaliyyət göstərən gənclər təşkilatlarının strukturunun möhkəmləndirilməsi və təşkilati inkişafının təmin edilməsi ilə bağlı müraciətləri qəbul edilsin. Müşahidə Şurasının iclasında  hər kateqoriya üzrə Fonddan tələb olunan məbləğin yuxarı həddi müəyyən edilmiş, beşinci qrant müsabiqəsinin 2013-cü il dekabrın 29-dan 2014-cü il fevralın 10-dək  keçirilməsi barədə razılığa gəlinmişdir.

İclasda müsabiqələrin təşkilini tənzimləyən bir sıra sənədlərdə  - “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qrant müsabiqələrinin keçirilməsi Qaydaları”nda, “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqələrində iştirak etmək üçün gənclər təşkilatlarının və fiziki şəxslərin qeydiyyata alınmasına dair Təlimat”da və “Maliyyə dəstəyinin göstərilməsi haqqında Müqavilədə” dəyişikliklər edilmiş, “E” kateqoriyası üzrə yeni ərizə forması təsdiq olunmuşdur.  Dəyişikliklər, ilk növbədə, aşağıdakı məsələləri əhatə etmişdir:

-    gənclər təşkilatları müsabiqəyə “A” və “B” kateqoriyalarından yalnız biri üzrə 1  layihə təqdim edə bilərlər;

-    gənc alimlərin, ictimai fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının təmin olunması üçün  səfər xərcləri (yol və ya yaşayış) Fond tərəfindən tam maliyyələşdirilə bilər;

-    Fond  resipiyentə ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənmədiyini və ya digər kobud pozuntuları aşkar edərsə,  onun  qrant almaq imkanlarını azı 1 il müddətinə məhdudlaşdıra bilər;

-    “E” kateqoriyası üzrə qrantlar son iki il ərzində azı 1 beynəlxalq və 4 yerli layihə  icra etmiş,  minimum 20 üzvü olan yerli gənclər təşkilatlarına verilə bilər. 

Müşahidə Şurasının iclasında  Fond tərəfindən  maliyyələşdirilmiş layihələrin icrasına, monitorinqinə və hesabatların təqdim olunması vəziyyətinə həsr olunan geniş toplantının  keçirilməsinin zəruriliyi vurğulanmış, tədbirin yanvar ayının ikinci yarısında təşkil edilməsi barədə razılıq əldə olunmuşdur.

Müşahidə Şurası işini cari məsələlərin müzakirəsi ilə davam etdirmişdir.

Qaynar.info