Xəbər lenti

Ölkə 13:34 23.05.2022

Generalın "1 milyonluq salamı" - YAP üzvündən nazirin oğlunun toyu üçün pul tələb edilib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən proseslərində maraqlı faktlar üzə çıxır. 

Qaynarinfo-nun məlumatına görə, son prosesdə zərərəçəkən Akif Qurbanovun ifadəsindən bəlli olur ki, Mövlam Şıxəliyev bəzi hallarda Eldar Mahmudovla belə hesablaşmırmış.

Tikinti biznesi ilə məşğul olan Akif Qurbanov bildirib ki, həbsinə səbəb toy məclislərindən birində Mövlam Şıxəliyevdən tanışı, "Texnikabank” rəhbəri Etibar Əliyevlə maraqlanması olub: 

"Buta Palace”də toy məclisində idim. Foyedə kofe içməyə çıxdım. Gördüm ki, Mövlam Şıxəliyev də oradadır. Yaxınlaşıb salam verdim. Mövlam Şıxəliyevi şəxsən tanıyırdım. Hətta qızının toyunda da olmuşam. Onunla kofe içdik, söhbət etdim. Etibar Əliyevi MTN həbs etmişdi. Mən də Etibar Əliyevlə dost, yerli idim, birgə bina tikirdim. Neçə dəfə 1 milyon manat olmaqla kredit vermişdi, hər dəfə də krediti vaxtında qaytarmışdım. Mövlamdan Etibar Əliyevin işinin nə yerdə olduğunu soruşdum. Çünki Etibar Əliyevlə Mövlam Şıxəliyevin münasibətini bilirdim. Elə olurdu ki, Mövlam Şıxəliyev Etibar Əliyevlə "pravitelstvenni” telefonla danışanda şahidi olmuşdum. Etibar Əliyev Mövlam Şıxəliyevə hər ay 10 min manat pul verirdi. Mən Etibarı soruşdum, Mövlam Şıxəliyev çox pis söyüşlər söyməyə başladı. Dedim ki, niyə söyürsən, boy-buxunundan utan. Etibar sənə hər ay pul verib. Onu niyə söyürsən? Onu da dedim ki, nə bilirsən, bəlkə sabah o buraxılacaq, sən tutulacaqsan? Mövlam elə orada telefonumu istədi. Mən də verdim. Dedim ki, elə həmin adamam, Akif Qurbanovam, sən məni tanıyırsan”.

Toydan 3 gün sonra Akif Qurbanov MTN-ə çağırılıb. Nazirlikdə onu Vüsal Ələkbərov qarşılayıb. Akif Qurbanovun sözlərinə görə, Vüsal Ələkbərov onunla aqressiv tonda danışıb:  

"Vüsal Ələkbərov otağa girib mənə tərs-tərs baxdı. Sual verdim ki, nə olub? Mənə niyə belə tərs-tərs baxırsan? Mən nemes, sən də sovet əsgərsən? Nə baş verib? Söyüş söydü, dedi ki, indi səni aparıb göstərəcəyəm ki, mən kiməm! Məni Rövşənin otağından öz otağına apardı, başladı təhqir etməyə. Cavabını verdim. Dedim ki, məni niyə təhqir edirsən? Mən YAP-ın Nərimanov təşkilatının büro üzvüyəm, uzun illər dövlətə qulluq etmişəm. Dedi səni təhqir edirəm ki, cavab verəsən, səni basım Etibar Əliyevin yanına. Bildim ki, bu Mövlamın sifarişidir. Yalandan deyirdi ki, guya mitinq eləmişəm, dövlətə qarşı çıxmışam. Məni 8 saat orada saxladılar. Vüsal Ələkbərov Rövşənə tapşırdı ki, buna su belə vermirsən. Axşam saat 10-da mənə "povestka” verdi ki, sabah saat 3-də olursan burada. Növbəti gün mən ora gedəndə Vüsal qarşıladı, apardı Mövlam Şıxəliyevin yanına. Yasin Məmmədov da orada idi. Bildim ki, Vüsal Ələkbərovu mənim üstümə qısqırdan Mövlam Şıxəliyevdir. Çünki Vüsal Ələkbərov məni tanımırdı. Otağa girəndən sonra Mövlam Şıxəliyevə salam vermədim. 

Dedi ki, niyə salam vermirsən? Cavab verdim ki, bir dəfə salam verdim, əlim getdi, indi də sənə salam versəm, özüm də gedəcəyəm. Sən salam veriləsi adam deyilsən. Mövlam Şıxəliyev dedi ki, çox danışma, gəl otur. Gedək sənin evlərini yoxlayaq, 10 milyon pulun çıxacaq. Mən də dedim ki, gedək mənim də, sənin də evlərimizi yoxlayaq. Səndə məndən artıq pul çıxacaq. Kimdən çox pul çıxsa, bölüşdürək. Mövlam Şıxəliyev dedi ki, sən mənimlə məzələnirsən? Dedim ki, məzələnmirəm, dediyinə cavab verirəm. Dedi ki, səndən 3 milyon alacaqdım, tapşırıldığına görə 1 milyon verəcəksən! Sual verdim ki, nə etmişəm, 1 milyon verim? Dedi ki, verməlisən. 

Sonrakı günlərdə məni Yasin Məmmədov qəbul elədi. Dedi ki, Eldar Mahmudovun övladının toyudur, 1 limon ver, məsələ bitsin. Mən də dedim ki, 1 limon sizə çatmaz, Lənkərandan sifariş verim, sizə 5-6 kilo limon gətirsinlər, gedin çayla için. Yasin dedi ki, səndən limon istəyən yoxdur, 1 milyon gətir. Dedim ki, hərənizə 10 min manat pul gətirmişəm, toya gedirsiz”. 

Akif Qurbanovun sözlərinə görə, onun ölkədən çıxışı məhdudlaşdırılıb. Övladları Eldar Mahmudova müraciət etdikdən sonra "stop” götürülüb: 
"O zaman oğlum Eldar Mahmudova çıxıb "stop”un götürülməsini xahiş eləmişdi. O da "stop”u götüzdürdü, bunlara da tapşırdı ki, bu adamla işiniz olmasın. Bundan sonra Bakıya gəldim. Vüsal Ələkbərov zəng elədi, dedi ki, pulu düzəlt, gətir. Mənə 3 gün vaxt verdilər. Dedilər ki, pulu verməsən, səni də, oğlanlarını da həbsə göndərəcəyik, hər şey hazırdır. Məcbur olub pulu qızımın "Briz L” göz klinikasının qarşısında Vüsal Ələkbərova verdik”.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->