İran parlamenti qalmaqallı qanun layihəsinə imza atıb.
Guardian-ın verdiyi məlumata görə, "Azyaşlıların hüquqlarının qorunması və təmin olunması haqqında" qanun layihəsində kişi övladlığa götürdüyü qız uşağı 13 yaşına çatdıqdan sonra onunla evlənə bilər. Bu qərar guya qız uşağının xeyrinədir.
Qanun layihəsinə görə, bundan sonra İranda qızlar 13, oğlanlar isə 15 yaşdan sonra ailə həyatı qura bilərlər. 2010-cu ildə İranda yaşları 10-14 arasında olan 42 min uşaq, Tehranda isə yaşı 10-a çatmamış ən azı 74 qız zorla ərə verilmişdi. 2011, 2012 və 2013-cü illərlə bağlı statistika daha qorxuncdur.
İranın mövcud qanunvericiliyinə görə, 13 yaşına çatmamış uşaq yalnız məhkəmənin qərarı və hakimin icazəsi ilə evləndirilə bilər. Ögey övladla evlənmək isə qəti qadağan idi.
Qanun layihəsinin qanuniləşməsi üçün Mühafizəkarlar Şurasında səsverməyə qoyulmalıdır. Yerli media bu sarsaq qanun layihəsinin ölkənin ən səlahiyyətli strukturu olan Mühafizəkarlar Şurası tərəfindən rədd ediləcəyinə ümid etdiyini yazır.
İranlı hüquq müdafiəçisi Sədi Sədr sözügedən qanun layihəsinin qəbul edilməsi ilə uşaqbazlığı, pedofiliyanı qanuniləşdiriləcəyini bildirib: "İran mədəniyyətində, adətlərində və ənənələrində atanın övladlığa götürdüyü qızı ilə evlənməsi kimi bir şey yoxdur. İranda zina və pedofiliya da başqa ölkələrlə müqayisədə nə az, nə də çox deyil. Amma bu qanun uşaqbazlığı, pedofiliyanı leqallaşdırır. Halbuki hər hansı ata yetkinlik yaşına çatmamış qızı ilə evlənirsə, onunla cinsi əlaqəyə girirsə, bu təcavüz, pedofiliyadır".
Dinşünas ekspertlər də yeni qanun layihəsinin İslama qarşı olduğunu deyirlər. İrandakı Uşaq Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Şiva Dövlətabadi bu qanun layihəsinin qəbul olunması ilə zinanın qanuniləşdirildiyini bildirib.
ANS PRESS