Xəbər lenti

“GMO məhsulu becərənlər həbs edilməlidir” - Ekspert
Ekonomiks 12:54 05.06.2024

“GMO məhsulu becərənlər həbs edilməlidir” - Ekspert

"Bu gün bazarlarda satılan meyvə və tərəvəzlərin əksəriyyəti geni dəyişdirilmiş məhsullardır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.
 
Onun sözlərinə görə, tərəvəzlərdən pomidor, qarğıdalı, bibər, badımcana baxanda uzaqdan onun GMO olduğu hiss olunur:

"Meyvələrdən ən çox armudda bu dəyişiklik görünür. Çünki armud uzun müddət qalır, formasını dəyişmir. Bazarda görnüşü gözəl, hamısı bir boyda olan meyvələrdir. Kəsirsən çəkirdəyi yox, ya da çox kiçik çərdəyi var. GMO məhsulların heç birində qurd yoxdur. Ötən il bir qarpızı kəsəndə ondan 15 çəkirdək tapmaq olmurdu. Ona görə də onlardan götürülən toxumlar nəsil vermir. Əkirsən bitmir”.

Akif Nəsirli GMO məhsulların satışının bütün dünyada qadağan edildiyini xatırladıb:
 
"Nəinki satışı, hətta becərilməsi belə qadağandır. İnzibati Xətalar Məcəlləsində bunun üçün ayrıca maddə təyin edilib. Hardasa 3 min manat cərimə, iki ilə yaxında həbs cəzası göstərilib. Buna baxmayaraq, bazarlarda hər kəs GMO məhsullarını rahat şəkildə satır. Heç kim də bir söz demir. Çox ciddi qanun qəbul edilib, qida əlavəsi olaraq onun istifadəsi qadağandır”. 
 


Akif Nəsirli bir müddət bundan əvvəl Azərbaycanda həmin məhsullarla bağlı böyük reklam kampaniyasının aparıldığını vurğulayıb:

"Həmin məhsulların görünüşü gözəldir, çox da bar verir, standart ölçülərə malikdir. Uzun müddət piştaxtalarda qalır, xarab olmur. Satıcılara və istehsalçılara daha sərfəlidir. Yəni asan yolla yüksək məhsuldarlıq əldə edilir. Alıcını uzaqdan özünə çəkir, aldadıcı gözəlliklərə malikdir. Buna görə GMO məhsullarını yetişdirməkdə hər kəs maraqlıdır. Digər tərəfdən isə bu sahədə cəzasızlıq mühiti var”. 

Ekspert hesab edir ki, qanun qəbul olunmasına baxmayaraq, hələ heç kimi GMO məhsulu yetişdirdiyinə və satdığına görə nə cəzalanıb, nə də həbs olunub:

"Bu mühit ölkədə belə bir şərait yaradıb. Amma bu meyvələr çox təhlükəli və zərərlidir. GMO məhsulların tərkibində vitamin mineral kasadlığı var. Həmin məhsullar insanın genetik kodlarına təsir edir”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->