

Hüseynbala Səlimov
“BAYATI-ŞİRAZ” ÜSTÜNDƏ...
Muğamları yozmaq savadım yoxdur. Amma bu sətirləri yazanda kanallardan birində “Bayatı-Şiraz” muğamını verirdilər. Bir tərəfdən həzin muğam, o biri tərəfdən də adamı üzən fikirlər... Bilirsiniz, adam nə vaxt daha çox fikir çəkir? Özünü aciz hiss edəndə...
Çox ağır durumdur. İstəyirsən sadə insanlara, cəmiyyətə, lap elə hökumətin özünə bir xeyrin dəysin. Amma nə yolunu tapa bilirsən, nə də sənin köməyinə bir ehtiyac olduğunu görürsən... Məsəl var, deyir ki, özünə kömək etmək istəməyənə heç kim kömək edə bilməz...
Cəmiyyətdə tərpəniş yoxdur, hökumət isə... Bəli, hökumətin üç arqumenti var. Biri budur ki, vəziyyətdən yanlız sərt qərarlarla çıxmaq olar. İkincisi odur ki, bu sərt qərarları qəfil qəbul etmək lazımdır. Üçüncü arqumenti isə budur ki, bu gün böhran təkcə Azərbaycanda yaşanmır, çox yerdə vəziyyət ağırdır və bizim ağır vəziyyətə düşməyimizin səbəbi isə budur ki, dünyada neft böhranı yaşanır...
Bu üç arqumentdən birinci ikisilə elə mən də razıyam – qəfil və sərt qərarlar olmadan heç cür keçinmək olmayacaq. Üçüncüyə gəldikdə isə, bax, bununla heç razılaşa bilmirəm. Əslində neft böhranı bir lakmus kağızı oldu və iqtisadiyyatimızın eybəcərliklərini üzə çıxardı...
Bu eybəcərliklər isə on illərlə toplanıb. Ən böyük problem isə odur ki, onu heç cür etiraf etmək istəmirik. Elə o səbəbdən bütün edilənlər və edilməsi nəzərdə tutulan işlər ucuq-sökük bir evi çöldən suvamağa və kələ-kötürünü örtməyə bənzəyir...
O ki qaldı cəmiyyətə, bu haqda heç danışmağa dəyməz. Əslində bugünkü Azərbaycan hamımızın “əsər”idir – mənim, sənin, hamımızın və eləcə də hökumətin...
Ha çalışırsan, bir sualı verməkdən özünü heç saxlaya bilmirsən: İlahi, biz Azərbaycanı nə günə saldıq?.. Bəli, bir daha deyirəm ki, indiki Azərbaycan hamımızın “əsər”idir - kimimiz bu “əsər”ə biganəliyimizlə, kimimiz də tamahımızla töhfəmizi verdik...
Bir də baxıb gördük ki, hamıdan geridəyik.. Hətta ən geridə olan ölkələrin də hansısa bir cəhəti vardır ki, bu cəhət bizə görə onları daha irəlidə olanların sırasına çıxarır...
Bəlkə də əsas konteksdən bir az ayrılacam. Amma bu günlərdə diqqətimi Özbəkistandakı olaylar çəkdi. Bir sağa baxdım, bir sola baxdım və bir daha dönüb özümüzə baxdım: gördüm, vəziyyət bizim güman etdiyimiz kimi deyil... Nə isə, keçim mətləbə...
GÜLƏ-GÜLƏ GÜLMƏLİ GÜNƏ QALDIQ...
Bəzilərimizin Orta, bəzilərimizin də Mərkəzi Asiya adlandırdığı bölgənin ölkələrinin yenilik, xüsusən də siyasi demokratiya və islahatlar və yaxud da ki, seçkilər baxımından örnək kimi göstərilməsinin necə absurd, hətta gülünc məşğuliyyət olmasının özüm də fərqindəyəm...
Bu ölkələrdəki siyasi ab- hava, idarəçilik fəlsəfəsi elə bir eybəcər hal alıbdır ki, bununla bağlı insanlar nəinki ciddi danışmaq istəmirlər, hətta lətifələr qoşurlar. Amma Özbəkistanda bu günlərdə keçirilən “seçki”lər, daha doğrusu, hakimiyyət dəyişikliyi məni bəzi müqayisələr aparmağa təhrik etdi...
Əslində hamıya çoxdan, xüsusən də prezidentin səlahiyyətlərini icra etməyə başlayandan aydın idi ki, prezident Ş.Mirziyoyev olacaq və elə o da oldu, dırnaqarası “seçki”lər necə deyər, sürprizsiz-filansız ötüşdü...
Amma yenə də bir sualı təkrar-təkrar özümə verməyə bilmirəm. Orta Asiya ölkələrinə, eləcə də Özbəkistana lağ edən, bir növ, yuxarıdan aşağı baxan biz azərbaycanlılar nə qədər haqlıyıq?..
Bəli, heç bir halda Özbəkistandakı bu dırnaqarası prezident seçkisi də nəinki regional və qlobal “demokratiya”nın, heç ölkənin öz əsl tarixinə də yazılmayacaq. Amma bir nüans var...
O da budur ki, bütün hallarda, Özbəkistanda İslam Kərimovun birbaşa varisləri – G.Kərimova və ya L.Kərimova prezident olmadı. Onun silahdaşı olsa da, uzun illər İ.Kərimovun ən yaxın məmurlarından sayılsa da, hətta eyni bir “Səmərqənd klanı”nın təmsilçisi olsa da, hər bir halda, Ş.Mirziyoyev birbaşa onun varisi deyildir...
Maraqlıdır ki, bir vaxtlar çoxunun lağ etdiyi Türkmənistanda da belə olmuşdu. Hakimiyyətə S.Niyazovun birbaşa varisləri deyil, Q.Berdımühəmmədov gəlmişdi. Düzdür, o, da Türkmənbaşının ən yaxın məmuru, hətta şəxsi həkimi hesab edilirdi. Amma bütün hallarda heç də Saparmuradın birbaşa varisi deyildi...
Qazaxıstanda da gələcək hakimiyyətlə bağlı artıq müəyyən narahatlıqlar yaşanır, çünki N.Nazarbayev də çox ahıl yaşlarındadır. Orada da N.Nazarbayevin qızının adı siyasi varis kimi hallanır. Amma Elbaşı (bu, N.Nazarbayevin milli tituludur!) elə bu günlərdə bildirdi ki, Qazaxıstanda belə olmayacaq və onun övladı siyasi varis olmayacaq...
Düzdür, N.Nazarbayev öz siyasi varisi kimi, necə deyərlər, hansı məmuru gözaltı etdiyini də açıqlamır. Amma Astananın gələcək siyasi sahibi kimi övladının adının hallanmasına da razı olmur...
Qərəz, baxıb görürsən ki, “irəli” –“geri” məsələsi əslində tamam nisbidir, bir azacıq diqqətlə baxanda kimin daha “irəlidə olması” xeyli mübahisəli olur...
Bəli, formal baxımdan Azərbaycan Orta Asiya ölkələrindən çox “irəli”dədir. Məsələn, Özbəkistanda bir neçə partiya qeydiyyatdan keçib (prezident seçkisinə dörd partiya qatılmışdı). Azərbaycanda isə onlar bir deyil, iki deyil, onlarladır, az qala, hərənin öz partiyası vardır...
Amma kiçik bir nüans var. Formal baxımdan siyasi partiyaların Azərbaycanda çox olması bu ölkədə siyasi plüralizmin və yaxud da siyasi demokratiyanın varlığının sübutu sayıla bilərmi?..
Əlbəttə ki, sayıla bilməz... Çünki bu gün cəmi Azərbaycan “partiya”larının (təbii ki, söhbət hakimiyyətdə olmayanlardan gedir!) siyasətə təsiri hansısa ən geri bir demokratik ölkənin ən xırda və ən zəif partiyasının təsirindən belə on dəfələrlə azdır...
Bu “partiya”ların böyük qismi nəinki parlamentdə, heç bələdiyyələrdə də təmsil olunmayıblar. Parlamentdə, vur-tut, iki-üç “partiya” təmsil olunub ki, onların da hakim partiyanın xırda satellitləri olmasına heç bir şübhə yoxdur. Hətta bu “partiya”lar da parlamentdə cəmi bircə, ya da uzağı, ikicə mandatla təmsil olunublar...
Formal baxımından, məsələn, Azəarbaycanda daha çox qəzet var. Onların əsl sayını – hesabını bəlkə də heç kim bilmir... Amma bu da getdikcə görüntüyə çevrilməkdədir və artıq çevrilib – hazırda qəzetlər həm var, həm də ki, yox... Köşklərdə tökülüb qalan və uzağı 2-3 min tirajla çıxan qəzetlər “göz dağı”na çevrilib – onlara sarı heç boylanan da yoxdur...
Qərəz, vəziyyət belədir... Beləcə, çox məsələləri saf-çürük etmək olardı. Amma ehtiyac varmı?..
Düzdür, bir vaxtlar azərbaycanlıların özlərini daha irəlidə hesab etmələrinin əsasları vardı. Bəli, bir vaxtlar azərbaycanlılar siyasi və ya da ictimai həyatda daha fəal və təsirli idilər...
İndisə... Bəli, indisə tamam başqa vəziyyətdir. Artıq təkcə biz gülmürük, bizə də gülürlər...
Bunu eşidirik, ya eşitmirik, elə bir fərqi yoxdur - əsas odur ki, biz də artıq gülməli olmuşuq...
Qaynarinfo.Az