Sabiq deputat vəkil Adəm Məmmədovla ortaq layihəyə start verəcək
Vəkil Adəm Məmmədov yeni yaradacağı ictimai qurumun anonsunu verdi. O, bu haqda sosial şəbəkədəki statusunda yazıb. Musavat.com vəkilin bu layihə çərçivəsində kiminlə çalışacağını da statusdan öyrənib. A.Məmmədovun yazdıqlarını nəzərinizə çatdırırıq: “İnsanlar yaşadıqları həyatı qiymətləndirib, dəyərləndirə bilirlərsə biz də belə insanlara hörmət edib dəyər verməliyik.
Bir müddətdir ki, artıq siyasi həyatdan uzaqlaşmış ictimaiyətin kifayət qədər tanınan, yazılmış bir yana yazılmamış qanunlara belə münasibətdə xarakter nümayiş etdirmiş Gülər xanım Əhmədova ilə tanışlıq və işçi görüşlərin nəticəsi olaraq (Pisxoloji-hüquqi yardım) bir araya gəlib, ciddi bir ictimai qurum yaratmağı nəzərdə tuturuq. Düşünürəm ki, Gülər xanımın təcrübəsi və xarakteri, təhsili (Pisxologiya üzrə elmlər namizədi) bu lahiyənin effektli işləməsi üçün vacib şərtdir. Edilən hərəkət və hərəkətsizliyə fərqli prizmadan müxtəlif münasibətlər ola bilər. Ən əsası odur ki, çətin zamanlarda belə insan xarakterini və mövqeyini ortaya qoya bilib, yeri gələndə susmağı bacarsın...
Son dövürdə mətbuat səhifələrində Gülər xanım Əhmədovaya qarşı kampaniya şəklində bəzi xoşa gəlməz, təhdid xarakterli yazılarla rastlaşıram ki, bunu yaxşı hal hesab etmirəm. Məsələnin detallarına toxunmadan həmin yazarların nəzərinə bircə faktı çatdırmaq istəyirəm ki, həyatlarında oxşar duruma düşsəydilər, dostları və düşmənləri qarşısında bu qədər mərdi-mərdanə, dik dura bilərdilərmi???”
Musavat.com xatırladır ki, qısa müddət bundan öncə G.Əhmədovanın Hafiz Hacıyevin rəhbərlik etdiyi Müasir Müsavat Partiyasına dəvət olunması barədə xəbərlər dolaşırdı. Hər iki tərəf bu dəvəti təsdiqləsə də, hər hansı sonuc görünmədi. Həbsdən çıxandan sonra siyasətə qayıtmayacağı ilə bağlı anons verən G.Əhmədovanın hazırda ictimai fəaliyyətlə məşğul olacağı da inandırıcıdır.
G.Əhmədovadan A.Məmmədovun yazdığı anonsla bağlı fikirlərini öyrənməyə çalışsaq da, buna nail ola bilmədik. Mövzunu davam etdirəcəyik. (musavat.com )
Qaynarinfo.az