Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatı davam edir.
Qaynarinfo xəbər verir ki, Azərbaycanın son iki sərbəst güləşçisi Turan Bayramovla İslam İlyasov da mübarizəyə qoşulub. Bayramov 1/8 final mərhələsində Adam Batırova (Bəhreyn) qalib gəlib. Ardınca, 1/4 finalda Ceyms Qrini (ABŞ) də mübarizədən uzaqlaşdıran idmançımız yarımfinala yüksəlib. Bayramov sözügedən mərhələdə polşalı Məhəmmədmurad Hacıyev ilə üz-üzə gələcək.
97 kq çəki dərəcəsində yarışan İslam İlyasov 1/8 final mərhələsində Aleksandr Xuştinlə (Belarus) bacarmayıb. Xuştin finala çıxsa, İlyasov sabah təsəlliverici görüşlərə qatılacaq.
Yarımfinallar Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Bu gün həmçinin 92 kq-da yarışan Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. O, Omarhacı Məhəmmədovla (Belarus) qarşılaşacaq. Medal uğrunda mübarizələr Bakı vaxtı ilə saat 20:00-da start başlanacaq.
Hələlik Azərbaycanın sərbəst güləşçilərindən yalnız Abubakr Abakarov (86 kq) bürünc medal qazanıb.
Səbuhi Həsənov