
Cəlil Cavanşir
Prezident “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında sərəncam imzalayıb. Filminin çəkilişi ilə bağlı ədəbi ssenarinin hazırlanması və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat ayrılıb.
Yəqin ki, bilirsiniz 1975-ci ildə çəkilən “Dədə Qorqud” filminin ssenarisini Anar yazıb. Filmin necə alındığını kino tənqidçiləri daha yaxşı bilir. Mən sadə tamaşaçı bu filmi “Dədə Qorqud” dastanlarının başına açılan ən pis oyun kimi qiymətləndirirəm. Tarixi qəhrəmanlıq, bilgəlik eposumuzun başına açılan bu oyundan sonra hamı hesab edir ki, Qazan xanın oğlu çiçək toplayan olub. Və yaxud “doyuzdurun məni qızlar” deyən Beyrəyi, dostunun qanlı köynəyini gətirib nişanlısına sahib çıxmağa çalışan Yalıncığı, Dış Oğuzun xəyanətkar xanı Alp Aruzu xatırlayın. Bir sözlə, Sovet dövründə bir millətin tarixini necə ələ salmaq mümkündürsə, bizim iriçaplı yazıçımız bunu bacarıqla edib.
Deyəcəksiniz ki, gənclər yenə də köhnə palan içi tökür. Xub! Bir şey demirəm. “Dədə Qorqud” filmi sovet dövründə çəkilmişdi və bu filmi bundan artıq, bundan yaxşı çəkmək olmazdı. Anar bütün istedadını ortaya qoyub ancaq bu qədərini yarada bilib.
Yaxşı bəs “Üzeyir ömrü”, “Qəm pəncərəsi”, “Cavid ömrü”, “Sübhün səfiri”?
Axı Anar bu filmlərində Üzeyir bəyi, Mizə Cəlili, Cavid əfəndini, Mizə Fətəlini rəsmən məhv eləyib! Bunu mən demirəm, açın interneti və sadaladığım filmlər haqqında peşəkarların resenziyalarını oxuyun. O resenziyaları ki, onların yazılması üçün şəxsi münasibətlər, qonaqlıqlar və yarınmaqlar nəzərə alınmayıb. Danışdırın kino bilicilərini, kino tənqidçilərini...
Qardaşım, vallah-billah belə olmaz! Prezidentin sərəncamının mürəkkəbi qurumamış Anardan açıqlama gəlir ki, ““Dədə Qorqud” dastanı əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında təşəbbüs mənə məxsusdur. Ona görə, ssenari də mən yazacam”.
Niyə, Anar müəllim?
Yoxsa özünüzü Mel Gibson hesab edirsiniz? Yoxsa hesab edirsiniz ki, 25 ildir AYB-ni öz şəxsi mülkiyyətinizə çevirdiyiniz kimi bütün tarixi abidələrimizi, dahilərimizi məhv etməlisiniz? Təşəbbüsünüzə bir şey demirəm, cənab xalq yazıçısı, gözəldir. Tariximizin, ədəbi-mədəni abidələrimizin unudulmaması, əbədiləşdirilməsi yolunda gözəl addımdır. Amma özünüz də yaxşı bilirsiniz ki, bu ssenarini yaza bilməyəcəksiniz. Olsa-olsa Axundovu necə deyingən qocaya çevirmisinizsə, Dədə Qorqudu da kolxoz sədrinə, kənd ağsaqqalına çevirəcəksiniz. Etməyin. Günahdır, Anar müəllim, vallah-billah günahdır!
Axı özünüz də yaxşı bilirsiniz ki, (bir dostumun da dediyi kimi)sizin təfəkkürünüz keçən əsrin əllinci illərindən bu tərəfə adlaya bilməyib. İlişib qalmısınız köhnə estetikanızda. Yazıq deyilmi bu ölkənin cavan ssenaristləri, cavan rejissorları? Niyə kəsirsiniz bu gəncliyin, bu yeni düşüncənin qarşısını? Niyə imkan vermirsiniz ki, yeni düşüncə, yeni yanaşma, müasir estetika, kinematoqrafiyanın modern üslubları Azərbaycan kinosuna yol tapsın? Sərəncamın mürəkkəbi qurumayıb, siz artıq ssenari yazmaq üçün material toplayırsınız. Hansı enerji ilə? 75 yaşında əsəbi və kinli bir qocanın prezident sərəncamı ilə çəkilən çoxseriyalı bədii filmə ssenari yazmaq iddiasının arxasında nə dayanır?
Hələ üstəlik rejissoru belə özünüz təklif edirsiniz. Ona görə ki, rejissorla – Ramiz Həsənoğlu ilə - dostsunuz, hər zaman bir yerdə işləmisiniz?
Sizi tənqid etdiyimizə görə bizi qınayırlar, söyürlər. Siz isə qəlyanınıza od vurub, müdrik-müdrik tüstülədərək üstümüzə hücum edənləri gizlincə mükafatlandırmaqla məşğulsunuz.
Söz vermişdim ki, daha sizinlə bağlı yazmayım. Hətta haqqınızda pozitiv düşünməyə başlamışdım, olmadı.
Bu yazı sizin haqqınızda 2013-cü ilin son yazısıdır. Yəqin ki, yeni ildən sizin mədəniyyətdəki hegemonluğunuza qarşı etirazlarımızı davam etdirəcəyəm. Hələliksə, düşünün. Gənclərin yolundan çəkilməklə bu qoca yaşınızda savab qazanmış olarsınız.
Hə, bu arada Qarabağ qazisi Zaur Həsənov özünü yandırdı və öldü. Məlum əsərinizin qəhrəmanı Zaur bu vəziyyətdə nə edərdi, görəsən?