Xəbər lenti

Siyasət 20:50 14.02.2025

"Günahkar Rusiyanın özüdür" - Ekspert

"Bu yanaşma üçüncü, beşinci qüvvələrə sərf edirsə, özünüzü dost dövlət, müttəfiq kimi aparın. Daha metropoliya ilə tabelikdə olan ölkə münasibətləri kimi yox".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Bakıdakı "Rus evi"nin rəhbəri İrek Zinnurovun həmin ofisin bağlanmasının üçüncü tərəfin marağında olduğu barədə səsləndirdiyi fikrini şərh edərkən deyib.

"Bakıdakı "Rus evi"nin ofisinin bağlanmasının "üçüncü tərəf üçün faydalı olacağını" bəyan edən Rusiya rəsmiləri bu zaman həmin rolda istənilən ölkəni nəzərdə tuta bilərlər. Rusiya üçün dostu güdaza vermək, bir dost ölkənin yerini dəyişmək sıradan məsələdir", deyə Arif Əliyev bildirib.

Həmsöhbətimiz düşünür ki, belə ifadələrə fikir vermək lazım deyil:

"Onların arxasında Rusiyanın imperiya siyasətindən başqa ciddi heç nə dayanmır. Bu vəziyyət kimə sərf edəcək ki? Adam kimi münasibət göstərin, qarşılığında da yaxşı münasibət görün. Hər dəfə qeyd edirdilər ki, Azərbaycanda olan qədər rus dilli məktəblər heç bir ölkədə yoxdur. Hər dəfə vurğulayıblar ki, Azərbaycanda teatrdan tutmuş hər şeyə qədər rus dilinə hətta lazım olduğundan geniş yer yaradılır".
 


Ekspert qeyd edib ki, vəziyyəti bu duruma Rusiya özü çıxarıb:

"Elə etməyin ki, onun üçüncü tərəfə xeyri olsun. Üçüncü tərəfə bu vəziyyət xeyirlidirsə, belə vəziyyətin yaranmasına da Rusiyanın özü bais olub. Azərbaycan hansı addım atdı ki, Rusiya belə münasibət göstərir? Azərbaycanla üçüncü dərəcəli ölkə kimi davrananda təbii ki, ölkəmiz də öz münasibətini ona uyğun quracaq".

Qeyd edək ki, Bakıdakı "Rus evi”nin rəhbəri İrek Zinnurov ofisin bağlanmasının "üçüncü tərəf üçün faydalı olacağını” deyib: "Bu məsələ həm Azərbaycan, həm də Rusiya tərəfi üçün kədərlidir. Başqası isə bir kənarda oturub, əl-qolunu ovuşdurur və buna sevinir... Üçüncü tərəf bu məqamdan istifadə edərək, atəşə mümkün qədər barıt qatmağa çalışır".

Zinnurov qeyd edib ki, "Rus evi" II Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərin 2025-ci ildə Azərbaycanda da keçirilməsini nəzərdə tutmuşdu: "Bu qələbədə Azərbaycanın töhfəsini bilirik. Ona görə tədbirlər planı razılaşdırılmışdı və hər şey dağıldı".

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar "Rossotrudniçestvo" Bakıdakı "Rus evi"nin fəaliyyətinin dayandırılmasına qərar verib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->