Vüsal Bağırlı
Qəfil, gözlənilməz həmlə ilə havadan endirilmiş şiddətli zərbə qüvvəsi, zirehli karvan sırlamasındakı birinci maşını alova bürüyür. Düşmən texnikası sıradan çıxarılır və arxadakı maşının qarşısı kəsir. İrəliləmək mümkün deyildir. Tərslikdən yan tərəf dərin yarğan olduğundan manevr imkanı mümkünsüz görünür. Maşın məhdud dairə boyunca çar-naçar geriyə dönür. Dönür ki, heç olmasa aradan çıxa bilsin.
Lakin göydən yağan od-alov ikinci texnikanı da cəhənnəmə vasil edir.
Ardınca üçüncü, dördüncü, beşinci maşını da eyni acı aqibəti yaşayır.
Sanki orada, yuxarıda, Olimp dağında oturmuş Zevs öz amansız qəzəbini ildırıma, şimşəyə çevirərək, dağın dibindəki düşmənin üzərinə ələyir.
***
Bilirsinizmi, saytlarda göstərilən Vətən savaşı kadrlarında ən sevdiyim məqam nədir? Düşmən hərbi texnikasının göydən vurulub darmadağın edildiyi əks olunan video buraxılışlar. Ən sevmədiyim isə bu videoların bitmə anıdır.
Nə deyim, həmin görüntülərə hayıl-mayılam və onlara dəfələrlə baxmaqdan bezmirəm.
***
Budur, quş uçuşu hündürlüyündən düşmənin zirehli texnika karvanı seyrək çayırlı təpəliyin arası ilə irəliləyir. Aşağıda çanaqlı tısbağanı xatırladan hərb maşınları hədəfə götürülmüşlər və dördbucaq nişangaha alınmışlar. Onlar göydəki ölüm tələsindən tam xəbərsizdirlər.
Uçan pilotsuz aparatın iti gözlü izləmə-müşahidə qurğuları maşınları nəzarətdə saxlayır.
Birdən, zirehli maşınlardan biri təkanla silkələnir, üzərindən qalxan qatı alov və tüstü burumları səmaya millənir. Kənarda dayanmış əsgərlərin bir hissəsi qəfil baş vermiş dəhşətli partlayışın arasında görünməz olurlar.
Digər əsgərlər bellərini əyib, papaqlarından yapışaraq ya yerə uzanır, ya da qorxu və dəhşət içərisində hara gəldi qaçırlar. Düşmən ani, qəfil zərbəylə məhv edilir.
Onun saz vəziyyətdə olan hərbi texnikasından, bir an əvvələ qədər ölüm saçan qurğusundan əsər-əlamət belə qalmır. Aşağıda yalnız qara ləkəli dairə nəzərə çarpır. Çoxsaylı qəlpələr, feyerverk effektli qığılcımlar isə şövqlə ətrafa səpələnir.
Beləliklə, təxminən beş-on dəqiqə çəkən qısa müddət ərzində düşmən texnikaları amansız zərbəylə vurulmuş, şanlı ordumuzun növbəti döyüş əməliyyatı itkisiz və uğurla başa çatmışdır.