İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçirib. Bu barədə APA-ya E. Behbudov məlumat verib.
E. Behbudov orada saxlanılan 3 nəfər təqsirləndirilən şəxslə görüşdüyün bildirib: “Salmanova Telbəyim Zülfüqar qızı ilə görüşdüm. Narkotik vasitələrin qanunsuz alverində təqsirləndirilir. Daha sonra Gürcüstan vətəndaşı Mustafa Gülməmmədovla görüşdüm. Qaçaqmalçılıq yolu ilə Azərbaycana 250 ədəd mobil telefonu keçirmək istəyərkən saxlanılıb. Özünü təqsirli bilir. Vəkillə təmin olunub. Üçüncü görüşdüyüm şəxs isə Bədəl Əhmədovdur. O da qaçaqmalçılıqda təqsirləndirilir. 213 ədəd mobil telefonu qanunsuz yolla Azərbaycana keçirmək istəyərkən saxlanılıb. Saxlanılan şəxslərin saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur”.
E. Behbudov MTN-də saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş müvəkkili Hacı Məmmədovla da maraqlandığını deyib: “Hacı Məmmədov təkadamlıq kamerada saxlanılır. Televizorla təmin olunub. Ailə üzvləri də daxil olmaqla heç kimlə görüşmür və telefon əlaqəsi saxlamır. Ailəsi onunla danışmaq istəyəndə imtina edir”.
Qaynar.info