
“Hesab edirəm ki, NİDA-çıların həbsi ilə bağlı hansısa kompromisə getmək olar”.
Bunu Aktual.az-a Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli son günlər NİDA Vətəndaş Hərəkatının yeddi üzvü və Azad Gənclik Təşkilatının bir üzvünun məhkəməsi ətrafında yaranan narahatlığa münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, qanun pozuntusu olanda müəyyən cəzaların tətbiq edilməsi təbii qarşılanmalıdır:
“Amma gənclərin yaşını nəzərə alıb, müəyyən güzəştə getmək olar. Həm də ki, bu məsələ ilə bağlı ölkə prezidentinə də müraciət olunub”.
Xatırladaq ki, aprelin 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə prokuror Nida Vətəndaş Hərəkatı üzvləri - Zaur Qurbanlının 8 il 6 ay, Rəşadət Axundovun 8 il 6 ay, Rəşad Həsənovun 8 il, Bəxtiyar Quliyevin 8 il, Məmməd Əzizovun 8 il, Şahin Novruzlunun 6 il 6ay, Üzeyir Məmmədlinin 7 il 6 ay və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadənin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qaynar.info