Bakının bir çox qəsəbələrində Sovet dövründə qurulan kommunal xətlər yenilənmədiyindən problem yaşanmaqdadır. Xüsusən də, 60-70 il öncə qurulan kanalizasiya xətləri artıq artan əhalinin tələblərinə cavab vermir. Bir çox yerlərdə kanalizasiya boruları çürüyüb partladığından çirkab suları yerin üstü ilə axır. Belə qəsəbələrdən biri də Əhmədli kəndi adlanan ərazidir. “Yeni Müsavat”-ın müxbiri sakinlərin şikayəti üzərinə sözügedən əraziyə baş çəkib.
Əhmədli kəndində ilk baxışdan alçaq damlı, birmərtəbəli evlər, dar küçələr, köhnə hasarlar diqqət çəkir. Bütün bunlar kənd sakinlərinin maddi durumunun heç də yüksək səviyyədə olmadığından xəbər verir.
Şəhərin mərkəzindən, “Əhmədli” metrostansiyasından bir neçə dəqiqəlik məsafədə yerləşən kəndin yolları bərbad vəziyyətdədir. Sakinlər deyir ki, bu yolların asfalt örtüyünün nə zamana yeniləndiyini xatırlamırlar. Diqqət çəkən məqamlardan biri də odur ki, yollarda bütün kanalizasiya quyularının üstü açıqdır. Bu isə xüsusən axşam saatlarında avtomobillərin hərəkəti üçün problem yaradır.
Sakinlərin sözlərinə görə, yaz-payız aylarında yağan yağış yolları keçilməz edir. Yayda isə kanalizasiya suları yollara axdığından üfunət iyindən dayanmaq olmur.
Ərazidə olduğumuz zaman kanalizasiya borularının bərbad vəziyyətdə olmasının şahidi olduq. Addımbaşı asfalt örtüyünün dağılması səbəbindən kanalizasiya boruları da partlayıb və avtomobillərin intensiv hərəkəti nəticəsində daha da pis vəziyyətə düşür.
Havalar isti keçdiyindən kanalizasiya suları yollara axmasa da yol boyu üfunət qoxusu insanı müşayiət edir.
Qəsəbə sakinləri problemlə bağlı aidiyyatı qurumlara müraciət etsələr də onlara büdcədə bununla bağlı vəsaitin nəzərdə tutulmadığı deyilib. Sakinlər deyir ki, özləri dəfələrlə pul yığıb kanalizasiya xətlərini təmir ediblər, lakin problem köklü şəkildə aradan qaldırılmadığından yenidən eyni vəziyyət yaranır.
Şikayətçilərin sözlərinə görə, qəsəbənin əsas problemi yol və kanalizasiyadır. Digər kommunal xidmətlərlə bağlı hər hansı problem yaşanmır. Su, qaz, elektrik qaydasında verilir.
Yollardakı başqa bir problem isə zibil qutularının olmaması və zibillərin yol kənarlarına atılmasıdır. Məhəlləarası yollar vaxtında təmizlənmədiyindən antisanitar vəziyyət yaranır. Sakinlər zibil qutularının olmaması səbəbindən çətinlik çəkdiklərini deyirlər.
Görünən budur ki, Əhmədli kəndi hər kəsin, əsasən də Bakının İcra Başçısı Hacıbala Abutalıbovun yadından çıxıb.
Qaynar.info