Gəncə sakini 32 yaşlı Fərqanə Ricai doğuş üçün şəhərdəki Regional Perinatal Mərkəzə gətirilib.“Qafqazinfo” AnsPress-ə istinadən xəbər verir ki, mərkəzdən verilən məlumata görə, hamilə müayinə olunub və bir müddət sonra isə qadın qəfildən ölüb. Perinatal Mərkəzin direktoru Təranə Həsənovanın sözlərinə görə, hamiləyə doğuş üçün heç bir tibbi müdaxilə olunmayıb.
Gəncə Regional Perinatal Mərkəzin direktoru, Təranə Həsənova: "Doğuş başlamadan xəstə qapıdan girəndən 10 dəqiqə sonra rəhmətə gedib. Ölümün səbəbini dəqiqləşdirmək üçün meyit tibbi ekspertizaya göndərilmişdir. Yəqin ki ekspertizanın rəyi əsasında və Səhiyyə Nazirliyinin doğuma yardım komissiyasının araşdırması əsasında dəqiq məlumat olacaq”.
Artıq Səhiyyə Nazirliyi məsələ ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, fakt nazirlik yanında yaradılmış Doğuşayardım Komissiyası tərəfindən ciddi şəkildə araşdırılacaq və hadisənin həkimlərin səhvi nəticəsində baş verdiyi, yoxsa doğrudan da xəstənin səhhətində hansısa problemlərin olub olmadığı məlum olacaq. Məsələnin komissiyada araşdırılmasına başlanıb və bütün faktlar öyrənilir.
Qeyd edək ki, 32 yaşlı Fərqanə Ricainin 5-ci hamiləliyi və 3-cü doğumudur. Mərhumun 3 övladı var. Faktı Gəncə şəhəri Prokurorluğu araşdırır.
Qaynar.info