Havanı çirkləndirən şadlıq saraylarının adları açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev bildirib.
Onun sözlərinə görə, "Real”, "Golden Ring”, "Sonalar Sonası”, "Milord”, "Həyat”, "Cənnət”, "Flaminqo”, "Qızıl Buta”, "Madonna”, "Afrodita”, "Oazis”, "Qızıl Tac”, "Gold Palace”, "Niel”, "İdeal”, "Şəhanə” və digər şadlıq saraylarının havaya yenə də normadan artıq tullantıların atıldığı məlum olub:
"Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülən tədbirlərin tərkib hissəsindən biri də havaya atılan tullantıların azaldılması və normalara cavab verməsidir. Bu məqsədlə ictimai-iaşə obyektlərində monitorinqlər aparılıb, təmizləyici qurğuların quraşdırılması üçün kompleks tədbirlər görülüb. Deyə bilərik ki, artıq restoran və şadlıq saraylarının 90 faizində qurğular quraşdırılıb. Lakin bəzi şadlıq sarayları və restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılması ilə bağlı nazirliyə şikayətlər daxil olduğundan tərəfimizdən təkrar monitorinqlərə başlanılıb. Keçirilən monitorinqlər zamanı təmizləyici qurğuların filtrlərinin vaxtaşırı təmizlənmədiyi səbəbindən 31 obyektdən havaya yenə də normadan artıq tullantıların atıldığı məlum olub".