
Həbsdə olan NİDA Vətəndaş Hərəkatının üzvü Üzeyir Məmmədli Qaynar.info-nun suallarını cavablandırıb. Həmin müsahibəni qəqdim edirik:
- Üzeyir salam, səhhətin necədir?
- Salam. Arabir yüngül soyuqdəymələri və mədəmdə olan rahatsızlıqları nəzərə almasaq, hər şey nomaldır.
- Saxlanma şəraitindən şikayətiniz varmı, kamera yoldaşlarınızın sizə münasibəti necədir?
- Saxlama şəraitimlə bağlı ciddi şikayətim yoxdu. Kamera yoldaşımla münasibətim yaxşıdır.
- Vaxtınızı necə keçirirsiniz?
- Vaxtımı daha çox kitab oxumaqla keçirirəm. Həbs müddətində əksəriyyəti siyasi ədəbiyyat olan 50-dən artıq kitab oxumuşam. Təcridxanada quraşdırılan televizorlarda yalnız Azərbaycan telekanalları nümayiş etdirilir. Azadlıqda olanda demək olar ki, televiziyaya baxmırdım. Ancaq indi telekanallarımızı izləməyə məcburuq. Funksiyalarından biri maarifləndirmək olan telekanalların xalqı gündən-günə mənəvi-əxlaqi cəhətdən necə deqradasiyaya uğratdığını (yozlaşdırğını), cahilliyin böyük sürətlə artdığını təəssüflə müşahidə edirəm.
- Həbsinizə cəmiyyət tərəfindən verilən reaksiyadan nə dərəcədə razısınız?
- Həbsimizə gözlənilən reaksiyalardan fərqli, qeyi-adi bir reaksiya verilməyib. Demək olar ki, məlumatı olan hər bir kəs 8 nəfər yüksək təhsil almış, intellektual gəncin həbsdə olmasından təəssüflənir, ancaq müxalif düşərgədən başqa heç kimdə bu, təəssüflənməkdən başqa bir reaksiya yaratmır.
- Müsavat Milli Şuradan çıxdı. Bu məsələyə digərlərindən fərqli olaraq açıq münasibət bildirdiniz. Sizcə, Müsavatın Milli Şuradan çıxmasının səbəbi nə idi?
- Bu barədə “Milli Şura bizdən nə aldı?” adlı yazımda bəhs etmişəm. Buna müxalifətdaxili mübarizə konteksində baxmaq lazımdır. Bu cür yanaşsaq, Müsavat birinciliyi itirməmək, məhv olmamaq üçün bu addımı atmalı idi.
- Müsavat bir neçə partiya və təşkilata birlikdə əməkdaşlıq etmək üçün müraciət etmişdi. Amma NİDA bundan imtina etdi. Bu proseslərdən xəbəriniz vardı? Ümumiyyətlə təşkilatla bağlı məsələlər sizlə müzakirə edilir?
- Bu təklif MŞ-nı dağıtmaq planının bir parçası idi, səmimi bir təklif deyildi. Sözügedən proseslərdən xəbərim vardı. Mənim fikirim də imtina idi. Həbs olunduğum gündən sentyabra qədər qərarların verilməsində iştirak etmişdim. Daha sonra İH-dən istefa verdim. MŞ üzvü kimi Şura ilə bağlı qərarların verilməsində iştirak edirəm. Bundan başqa bir təsisçi kimi bəzi strateji qərarlarla bağlı məsləhətlərimi mütamadi İH üzvlərinə çatdırıram.
- Ölkədə baş verən hadisələri necə izləyirsiniz?
- ANS telekanalında “Xəbərlər” proqramını izləyirəm. Arada gecikmə problemlərini nəzərə almasaq, “Müsavat” və “Azadlıq” qəzetini mütəmadi oxumaq imkanım olur.
- Məhkəmələr gedir. Kimlərin məhkəmələrinizə gəlməməsini istərdiniz?
- Məhkəmədə görmək istədiyim şəxslərin əksəri indiyə qədər iştirak edib. Mənim üçün əslində sevdiyim bir neçə şəxsin istirakı da bəsdir. Ancaq indiyə qədər ziyalılardan prosesə maraq olmaması bizi bir az üzür. Ən çox təsirləndiyimiz şəhid əsgər atası Bəyalı Əzizovun iştirakı və etdiyi çıxış oldu.
- Yeni ili ilk dəfədir həbsdə keçirdiniz. Çətin olsa da, bir az bundan danışın. Necə hisslərdir, nələri hiss etdiniz?
- Tam səmimi cavab verirəm: 2014-cü ilə 2013-cü ildən daha xoşbəxt girdiyimi deyə bilərəm. Şəxsi həyatımda olan problemlərlə bağlı o zaman daha çətin idi mənə. 2014-cü ilin Yeni il bayram həftəsi ancaq məhkəməmizin olmayacağından, dostlarımı və digər yaxınlarımı görə bilməyəcəyimizdən doğan bir az üzüntü ilə yadda qaldı.
- Əqidə yoldaşlarından sənə və digər həbs olunan gənclərə diqqətindən razısanmı?
- 8 üzvü həbsdə olan gənc bir hərəkat bundan böyük dəstək və diqqət göstərə bilməzdi. Bunu ancaq NİDA və nidaçılar bacarırlar.
- Şəxs olaraq bu müddətdə hansısa dəyişikliklər baş verib səndə?
- Daha səbrli olmuşam. Bir xeyli kitab oxumuşam, biliyim, həyat təcrübəm, siyasi təcrübəm artıb. Prosesləri kənardan izləməklə yanaşı, uzun-uzadı əvvəlki addımlarımı düşünmək, doğru səhv addımlarımı ayırd etmək imkanım olub.
- İndi azadlıqda olsaydınız nələri edərdiniz?
- Siyasi mübarizəyə daha güclü dəstək verərdim. Təəssüf ki, həbsdə olmağım iştirak imkanlarımı məhdudlaşdırıb.
- Peşman deyilsən ki?
- Xırda səhvlərimi çıxmaq şərtilə heç nədən peşman deyiləm.
Elkin Xəlilov
Qaynar.info