Novruz bayramında veriləcək əfvlə əlaqədar ömürlük həbs cəzası almış “OMON”çular Səfa Poladov və Arif Kazımovun yaxınları “Yeni Müsavat” qəzeti vasitəsilə ölkə prezidentinə müraciət ediblər. Müraciətdə ölkə başçısının hər iki ömürlük məhbusu azad etməsi xahiş olunur.
Səfa Poladovun bacısı Şəfa Poladova prezidentin humanistliyinə inandığını bildirib: “Hər bayramda qardaşımın azadlığa çıxacağını gözləyirik. Amma hələ də azad olunmayıb. Əfv üçün prezidentə müraciət edib. Hazırda səhhəti yaxşı deyil. Dəfələrlə aidiyyəti orqanlara müraciət etmişik. Qardaşımla bərabər tutulanların hamısı azadlığa buraxılıb. Yalnız Arif Kazımov və qardaşım həbsdə qalıb. Amma torpağı, vətəni satanlar hazırda azadlıqda gəzirlər. 20 il az vaxt deyil. Qardaşım azadlığa çıxacağına inanır. Əlində Quranla həbsə getdi. Bu günə qədər də namaz qılır. Həbsxanada da qanunlara əməl edib. Allah prezidentimizə uzun ömür versin. Qardaşımı bizə qovuşdursun”.
Digər ömürlük “OMON”çu məhbus Arif Kazımovun anası Tükəzban Kazımova Novruzda ölkə başçısının oğlunu azad edəcəyinə inandığını qeyd etdi: “Arifin adı gəldiyi zaman gözlərimdən yaş gəlməyəndə özümdən diksinirəm. 20 ildir gözüyaşlı qalmışam. Gözlərim yollarda qalıb. Cənab prezidentə güvənirəm. Arif azadlığa çıxacağına çox ümidlidir. Oğlumu cavanlığına bağışlasınlar. Əgər bir təqsiri varsa, cəzasını da, peşmançılığını da çəkib. Ölkə rəhbərimizin sayəsində gözəl günlər görmək istəyirəm. Ürəyim sevindiyimdən döyünür. Sanki oğlum azad olunub. Prezidentin qarşısında baş əyirəm, yalvarıram, təki balamı azad etsin. Artıq yorulmuşam. İnanıram ki, bu il cənab prezident balamı mənə verəcək”.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu “OMON”çuların üzərindən ömürlük həbs cəzasının götürülməsi ilə bağlı apardıqları işlərdən danışdı: “Onlar ömürlük həbs alıblar. Məsələni ayrı cür qaldırmışıq. Onlar əvvəlcə ömürlükdən çıxarılıb, müddətli həbsə salınmalıdır. Ömürlükdə bu cür bir neçə məhbus var. ”OMON"çular artıq 20 ildir həbsdədir. Ömürlükdə əfvə düşmələri çox çətindir. Bu baxımdan ömürlük cəzaların götürülməsi istiqamətində işlər aparırıq".
Qeyd edək ki, Səfa Poladov və Arif Kazımov Qazax “OMON”un sıravi əsgərləri, polislər olublar. Məlumat üçün bildirək ki, həmin siyahıda İsgəndər Həmidov, Surət Hüseynov, Ələkrəm Hümmətov və bir çoxlarının adları olub, onların hamısı azadlıqdadır, həmin siyahıdan yalnız bu adamlar qalib. Avropa Şurası tərəfindən Azərbaycanda siyasi məhbus kimi ilk tanınan 17 nəfərlik pilot siyahıda Arif Kazımov və Səfa Poladovun adı da olub. Siyasi məhbus hesab edilən bu şəxslər 20 ildir həbsdə yatır. Avropa Şurası "OMON"çuların azadlığa buraxılması ilə bağlı Azərbaycan hökumətinə dəfələrlə müraciət edib.
A.Kazımov və S.Poladovun azadlığa çıxmasını vacib edən daha bir amil onlar barəsində çıxarılmış ölüm hökmünün dəyişdirilməsidir. Belə ki, 1998-ci ildə parlamentdə Cinayət Məcəlləsindən ölüm hökmü götürülüb. Elə parlamentdə də ölüm hökmü qanunvericilikdə olan ən ağır cəza - ömürlük cəza ilə əvəzlənib. Adları çəkilən şəxslər barəsində ölüm hökmü cəzası çıxarılanda qüvvədə olan qanunvericilikdə isə ən ağır cəza 15 illik həbs idi. Bu baxımdan hüquqşünaslar hesab edirlər ki, bu iki şəxs və digər barəsində ölüm hökmü çıxarılan sonuncu məhbusların timsalında qanun geriyə şamil olunub - yəni onlar yeni qanunvericiliklə ömürlük həbslə cəzalandırıla bilməzdilər. Hazırda məhbəsdə yüzdən artıq belə cəza çəkən məhbus var ki, onların da məsələləri tez-tez müzakirə obyektinə çevrilir.
Qaynar.info