Hüseynbala Səlimov
Bir fəsildə iki seçkiyə qərar verdik. Yazılarda, necə deyər, dua-səna etdik: heç olmasa, bu seçkilərimiz uğurlu və düşərli olsun ki, növbəti dəfə peşiman olmayaq.
Birini – bələdiyyə seçkilərini artıq başa çatdırmışıq. Bilirsiniz, bu günlərdə iki icra başçısı haqqındakı yazıları oxuyanda, deyilənlərə qulaq asanda heç ağlımıza nə gəldi?
İnanın, yerlərdə bələdiyyələrin səlahiyyətləri yetərincə olsaydı, orada müxalifətin və müstəqil adamların rolu artsaydı, bu, bəzi icra başçılarının əl-qolunu əməlli-bağlayar, onların üzərində nəzarəti artırardı. Belədə isə nə baş verir? Korrupsiya və rüşvətxorluğa qarşı ölkədə həqiqətən böyük mübarizə aparılır, amma hər dəfə eyni cinayətlər, bəli, səhvlər yox, məhz cinayətlər təkrar olunur, çünki ölkədə idarəçiliyin bazis – təməl prinsipləri dəyişmir...
İndi qalır əsas məsələ - növbədənkənar parlament seçkisi. Burada da hər şey bir sualın cavabından asılı olacaq: hakim partiya sadəcə, parlamentini cavanlaşdırmaq istəyir, yoxsa nəhayət ki, Azərbaycanda da deputatlar və yaxud da ki, onların əksəriyyəti təyinatla yox, seçilməklə qanunverici orqana gələcəklər?
Bunu ona görə deyirik ki, nə qədər cavanlaşdırma əməliyyatı aparsaq belə, deputatları hətta uşaq bağçasından gətirsək belə, qanunverici orqanın dirçəlməsinin bir effektiv yolu var: parlamentə düzgün seçki keçirilməlidir, çünki yalnız seçilən, daha doğrusu, həqiqətən də demokratik yolla, doğru-dürüst seçilən insan deputata bənzəyir və yaxud da özünü deputat kimi aparır.
Hələliksə biz MSK təmsilçilərinin seçki haqqındakı fəlsəfi moizələrini dinləməklə məşğuluq. Deyirlər ki, müxalifət seçkiyə qatılmalıdır, çünki seçki barometrdir və yalnız o, müxalifətin əsl gücünü göstərə bilər.
Olsun. Bununla da razı. Bu fikri də qəbul etdik, amma kiçik bir düzəlişlə: seçki təkcə müxalif və müstəqil namizədlər üçün barometr deyil, elə hakimiyyətin özü üçün də ciddi barometrdir.
Birincisi, o, ölkədəki siyasi atmosferi fiksə edir, ölkəni hansı qüvvənin və necə idarə etdiyini göstərir.
İkincisi, o, təkcə müxalifətin və yaxud da müstəqil namizədlərin elektoral gücünü-qüvvəsini göstərmir, həm də hakim siyasi partiyanın da nəyə qadir olduğunu aşkar edə bilir. Biz bu otuz illik müstəqillik dövründə yalnız onu görmüşük ki, seçkini kim keçirirsə, onu elə o da "udur”. Amma dünyada tamam başqa cür olur: hakim partiyalar seçkini daim udmurlar, onu həm də uduzurlar...
Amma baxırıq, o gün, hələ bələdiyyə seçkisinin ərəfəsində MSK təmsilçisi müxalif və müstəqil namizədlərə xitabən deyir ki, uduzmağı da bacarmaq lazımdır.
Bəli, hələ seçkilər start götürməmişdi, amma bunlar artıq özlüyündə "qərar” vermişdilər ki, müxalifət və müstəqil namizədlər uduzacaq və bunlar üçün əsas odur ki, bu insanlar öz siyasi talelərilə barışsınlar və uduzmağı bacarsınlar, yəni hay-küy salmasınlar ki, seçki düz keçməyib, səslər düz sayılmayıb: əgər başlarını aşağı salıb seçkinin nəticələrini qəbul etsələr, hətta mümkündür ki, buna görə mükafatlandırılsınlar da...
Amma biz suallardan yaxa qurtara bilmirik. Bəlkə heç olmasa, nəzəri cəhətdən qəbul edək ki, seçkini, onu bu vaxta qədər udanlar da uduza bilərlər. Onlar necə, cığallıq etməməyə, uduzmağa hazırdırlarmı? Bəs onlar necə, uduzmağı bacarırlarmı? Bələdiyyə seçkiləri elan olunar- olunmaz hakim partiyanın təmsilçisi qayıtdı ki, biz bu seçkidə də əksər mandatları qazanmağa hazırıq. Parlament seçkilərilə bağlı belə bəyanat eşitməmişik, amma aydın məsələdir ki, yarımsimvolik bir məzmun kəsb edən bələdiyyələrin müxalifətin nəzarətinə keçməsini hətta nəzəri olaraq belə qəbul etməyən hakimiyyət parlamenti heç bir halda əldən buraxmaz və artıq indidən aydındı ki, parlamentdə 95-ci ildən bu tərəfə adət edilən süni proporsiya saxlanılacaq – seçilənlərin çoxu hakim partiyanın siyahısından olacaq və demokratik, çoxpartiyalı görünmək üçün qanunverici orqanın gözünə digər partiyalardan da bir neçə nəfər qatılacaqdır və ən əsas yeniliksə bu olacaq ki, hər iki tərəfdən əsasən gənclərə üstünlük veriləcəkdir.
Bunları oxuyandan sonra sizdə elə təsəvvür yaranmasın ki, guya biz hansısa müxalifətin təəssübkeşliyini edirik. Yox, əsla! O gün hakim partiya liderlərinin bizim ənənəvi müxalifət simalarını necə məxsərəyə qoymasına baxıram. Siz heç bilirsinizmi, maraqlısı və ya faciəlisi nədir? Müxalifətçilər, vaxtilə AXC üzvlərinin özləri bəzi liderlərini bundan da betər şəkildə lağa qoyur, ələ salırdılar və hər dəfə bizdə sual yaranırdı ki, hamının – demək olar, bütün cəbhəçilərin lağa qoyduğu bu adamlar təşkilatdaxili seçkilərdən necə keçirlər?..
Elə ona görə də cəbhəçilərin vaxtilə haqqında "Filankəsin başından yalnız "otboynıy molotok” kimi istifadə etmək olar” dedikləri bir adamın hakim partiya tərəfindən lağa qoyulmasında nə bir qeyri-adilik, nə bir yenilik, nə də ki, hansısa orijinallıq yoxdur – biz də, seçicilər də çoxdan bu səhifəni çevrilmiş hesab edirik. Bəlkə bu insanların özləri də müəyyən "təqaüd”ün müqabilində məmnuniyyətlə siyasətdən tamamilə gedərdilər, amma hakimiyyət onlardan əl çəkmir, onların yerinə başqa müxalifətin gəlməsini istəmir, çünki bu müxalifət, necə deyər, sınanmış, əsl etibar ediləsi kadrlardır...
Yeri gəlmişkən, həmin bu müxalifət hələ 2000-ci ildə bir seçki məzhəkəsi də çıxarmaq qərarına gəldi; bəli, fikirləşidilər ki, parlamentə namizədləri partiyadaxili seçki – "ilkin seçki” yolu ilə müəyyən etsinlər. Hətta "seçki”yə bənzər bir şey kecirdilər də.
Amma həmin dövrdə biz bunların "ilkin seçki” adlandırdıqları hoqqalarını xeyli tənqid etdik. Səbəbi çox idi və o vaxt bunu bircə-bircə yazmışdıq. Amma ən əsas səbəb bir idi və bundan ibarət idi ki, müxalifətin bəzi simaları vardı və indi də var ki, onlar olan yerdə nəinki düzgün seçki, ümumiyyətlə, düzgün iş ola bilməzdi və indi də olmur – yəqin bunların siyasi mühacir qalmaqalı haqqında eşidəndə özünüz buna əmin oldunuz. Bəli, bircə Avropa qalmışdı, fırıldaqlarının sorağı oralara da gedib çıxdı...