Xəbər lenti

Hər kəs öz gəncliyinə sahib çıxmalıdır
Ölkə12:45 24.05.2013

Hər kəs öz gəncliyinə sahib çıxmalıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Jalə İSMAYIL

50 il sonra Faiq Ağayevin qəbrini kim ziyarət edəcək?

İki il öncə, yanvarın 13-də  xaricdən gəlmiş qonağıma həsrətində olduğu Bakını göstərirdim. Xeyli gəzib-dolaşandan sonra şairə qonağımı Fəxri Xiyabana apardım. O böyük sükutun içində onun həmişə adını eşitdiyi sevimli şairlərilə adam-başdaşı dialoqunu sakitcə seyr edirdim. Arada yaddaşımı eşələyir, eşitdiyimdən-bildiyimdən danışırdım qonağa şairlər haqqında. Onun hər gün yanından etinasız keçdiyimiz mərhumların başdaşları ilə canlı adamla danışırmış kimi ünsiyyət qurması başqa aləm idi. Hələ bəstəkarlar, müğənnilər. Hərəsinin mahnısından bir ağız zümzümə. Mənsə oradan, az qala, hər gün keçirdim...

Sevinə-sevinə: “Nə yaxşı, hamısı bir yerdədi” – deyirdi. Mən də onun başdaşları ilə qol-boyun şəkillərini çəkirdim. Fotosessiya Müslüm Maqomayevə çatdı. Böyük musiqiçinin qəbri qarşısında 3 nəfər yaşlı rus qadın vardı. Bakılı zənn etdim. Qəribə səbətlər vardı əllərində. Öz aralarında danışa-danışa səbətləri, gülləri qəbrin ətrafına düzürdülər. Necə oldusa danışdıq. Tverdən gəlibmişlər. Xeyli söhbətdən sonra mənə: “Siz çox xoşbəxtsiniz, sizin Müslümünüz var” – dedilər, kövrəldilər. Bu üç qarı köhnə yeni ili öz kumirlərilə keçirmək üçün Tverdən durub Bakıya gəlmişdilər...

Həqiqi sevgilərin vaxtı keçib, deyəsən. Təsəvvürümə gətirə bilmirəm, 50 il sonra bu günün ən dəblisi Faiq Ağayevin qəbri üstünə qastrola getdiyi uzaq Rusiya çöllərindən ziyarətə gəlsinlər.

Bu rus qarılar əslində gəncliklərilə görüşə gəlmişdilər. Müslüm onların gəncliyinin səsi idi.

Bəs bizim gəncliyin səsi kimdir? Yaşlana bilsəm əgər, kimin qəbrinin üstünə tər çiçəklər aparacam? Gəncliyimi xatırlamaq üçün kimin başdaşı ilə üz-üzə duracam? Qəbrimin üstündə kimin səsi gəlsin deyəcəm?

Qocalıq bir yana, bu gün toya dəvət etməyə bir mədhiyyə deməmiş müğənni tapa bilmirsən heç.

Həmin o gözəl rus qarılar öz gəncliklərinə sahib çıxmağa gəlmişdilər həm də. Gözəl bir gənclik yaşamış, sevib-sevilmiş, ömürlərinin sonuna yaxınlaşmış, amma min kilometrlərlə yolu bir sevgi uğrunda qət etmək üçün ürəklərində təpər tapmışdılar. O qarıların yerinə olaydım!

Bizdən keçdi, keçhakeçdədi, biz bir xeyli gecikdik. Bu, sadəcə zaman baxımından gecikmə deyil. Bizim nəslin dərdi çoxdur.

Bu günün gəncliyi bu enerjiyə, bu azadlığa, bu yaşamaq eşqinə sahib çıxmalı, mübarizədən çəkinməməlidir. Bu gün etiraz günüdür. Sabah etiraza güc də qalmayacaq.

Bu günün gəncliyi sabah gül qoyacağı qəbrin sahibini özü yetişdirməlidir. Öz dəyərlərini yaradıb, ona sahib çıxmalı, ağıllı-ağılsız yaşlıların hücumlarından qorumalıdır. Keçmişi söymək yox, keçmişdən dərs çıxarmalıdır. 

Çox “...malıdır” oldu. Amma gənclik belə olmalıdır, başqa yolu yoxdur.