
Məlum olduğu kimi, Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb. 6 idmançı ilə iştirak edən millimiz yarışın ilk günündə qazandığı 2 bürünc medalla kifayətlənib.
Qaynarinfo.Az-ın Budapeştə ezam olunmuş əməkdaşı 71 kq çəki dərəcəsində medal qazanmış Həsən Əliyevin fikirlərini öyrənib:
"Bu il Riqadakı Avropa çempionatında da bu çəkidə mübarizə aparıb bürünc medal qazanmışdım. Ancaq dünya çempionatında ilk dəfə bu çəkidə mübarizə aparırdım. Ona görə də mənim üçün bu yarış çətin keçdi. Bununla belə, finala çıxmağa hazırlaşırdım. Lakin qismət olmadı və bürünc medalla kifayətləndim. Bilmək olmaz ki, növbəti illərdə hansı çəkidə mübarizə aparacağam. Bəlkə çəkimi qaldırdım, bəlkə yenə 66 kq-a qayıtdım. Ancaq istənilən halda məqsədim yenə Olimpiadaya gedəcək millinin heyətinə düşməkdir".
27 yaşlı idmançımız Moldovadan olan Daniel Kataraqa ilə görüşdə səhvə yol verdiyini bildirib: "Mənim üçün ən çətin oyun onunla oldu. Güclü idmançıdır. Bir az da taktikanı düz qurmadım və 3:3 hesabı ilə uduzdum. Bürünc medal uğrunda mübarizə apardığım rus idmançı ilə isə çox görüşmüşəm deyə, çətin olmadı".
Səbuhi TOFİQOĞLU
Budapeşt - Bakı
Qaynarinfo.Az