Xəbər lenti

Hikmət Hacıyevin İsrail səfəri: "Azərbaycan müttəfiqlərini yanında görmək istəyir" (ŞƏRH)
Siyasət11:51 07.09.2023

Hikmət Hacıyevin İsrail səfəri: "Azərbaycan müttəfiqlərini yanında görmək istəyir" (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu səfər iki ölkə arasında əlaqələrin gücləndirilməsinə xidmət edir. Çünki belə bir əməkdaşlıq iqtisadi və hərbi müstəviyə də sirayət edir. Sərhəddə cərəyan edən gərginlik müstəvisində Bakının növbəti dəfə İrəvanı cəzalandırması üçün atacağı addımlar var ki, onun tərkib hissələrindən biri də məhz Hikmət Hacıyevin İsrailə səfəridir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İsrailə səfərini şərh edərkən deyib.
"Hazırda Cənubi Qafqaz böyük güclərin toqquşma məkanına çevrilib. Bu yöndə ciddi qarşıdurmalar mövcuddur. Bir tərəfdə Fransa, digər tərəfdə də Rusiya. Qərb Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyir. İran da regionda tormozlayıcı amil olaraq qalmaqdadır. Bu kontekstdə də regionda gərginlik hər gün artmaqda davam edir. Ermənistanın sərhəddə təxribatı, Qarabağdakı qanunsuz erməni dəstələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması, qondarma qurumdakı siyasi qüvvələr arasında vətəndaş müharibəsi təhlükəsi məsələləri fonunda Prezidentin köməkçisinin İsrail səfərinin cavabı bəlli olar”, deyə Natiq Miri bildirib.
Həmsöhbətimiz qeyd edir ki, Azərbaycan müttəfiqlərilə bərabər hər hansı bir müharibəyə hazır olmalıdır: 
"İstənilən yeni bir hərbi toqquşma başladılarsa, Azərbaycan da müttəfiqlərini yanında görmək istəyir və buna hazırlıqlar görür. İrəvan sülh prosesini də şantaj edir. Ermənistanın havadarları habelə Laçın yolu ilə bağlı Azərbaycana təzyiq göstərir. Belə olan halda, Azərbaycan İrəvanın son təxribatları kontekstində yeni addımların atılması ilə bağlı hərəkətə keçib”. 
Bu məsələlər ekspertə görə, Ərdoğanın Putinlə son görüşündə də müzakirə olunub: 
"Hətta atılacaq addımlar da müəyyən edilib. Azərbaycan rəsmisinin İsrail səfərini həm də bu xüsusda dəyərləndirməliyik. Türkiyə xarici işlər  nazirinin Rusiya səfərindən sonra İrana getməsinə də bu kontekstdən yanaşmalıyıq. Ən azından İrandan hansısa yardımdan deyil, sadəcə prosesə etibarlı yanaşması istənilir”. 
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İsrailə səfəri çərçivəsində, onunla İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş olub. Azərbaycanın İsraildəki səfirliyinin bildirdiyinə görə, görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub. 
Rüfət Sultan