Dekabrın 9-da Arunaçal Pradeş ştatında Çin əsgərləri ilə toqquşma zamanı Hindistan ordusunun bir neçə əsgəri yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Hindistanın "The Hindu” qəzeti mənbələrə istinadən məlumat
yayıb.
Hindistan Müdafiə Nazirliyinin adını açıqlamayan nümayəndəsinin sözlərinə görə, Çin ordusu Hindistan ordusundan daha çox itki verib. Çin tərəfi məlumatı şərh etməyib.
ANI agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, toqquşma Arunaçal-Pradeş ştatının Tavanq şəhərində baş verib. Agentlik yazır ki, Çin hərbçiləri ölkələri ayıran faktiki nəzarət xəttinə çatıb, bundan sonra onlar hind əsgərləri tərəfindən dayandırılıb. ANI-nin məlumatına görə, hər iki ölkənin bir neçə hərbi qulluqçusu "yüngül yaralanıb”. Tərəflər daha sonra ərazidən geri çəkilib.
Çin və Hindistan arasında oxşar hadisə 2020-ci ilin iyununda baş verib. Nəticədə 20 hind əsgəri həlak olub. Danışıqlar nəticəsində tərəflər qoşunların sərhəd xəttindən qarşılıqlı çıxarılmasına başlayıb.
Faktiki nəzarət xətti iki ölkə arasında uzunluğu 4 min km-dən çox olan demarkasiya xəttidir. Həmin xətt 1962-ci ildə Hindistan və Çin arasındakı sərhəd müharibəsindən sonra təsdiq edilib. Tərəflər arasında bu məsələ ilə bağlı mübahisələr müntəzəm olaraq baş verir, çünki bu ərazinin hələ də hamı tərəfindən tanınmış sərhədi yoxdur.
Nizami Bağırov