“Verdiyim bəyanatın arxasında dururam, bundan sonra da Kamandar Nəsibov adlı vəkilim yoxdur”
Keçmiş millət vəkili, vergidən yayınma ittihamı ilə beynəlxalq axtarışa verilən Hüseyn Abdullayevin bir neçə gün qabaq yaydığı bəyanat ciddi rezonans doğurub.
Xatırladaq ki, Hüseyn Abdullayev Azərbaycanda ailə üzvlərinə qarşı basqıların olduğunu bildirmiş və buna görə ən yüksək səviyyədə ölkə rəhbərliyini ittiham etmişdi.
Abdullayevin vəkili Kamandar Nəsibov “AzNews.az”a açıqlama verərək, həmin bəyanatın saxta olduğunu iddia edib. Vəkil deyib ki, guya həmin bəyanatdan Hüseyn Abdullayevin xəbəri yoxdur. “Bəyanatda elə şəxslərin adı çəkilib ki, Hüseyn Abdullayev onlarla bağlı heç bir fikir səsləndirməyib. Bu məsələnin prezidentlə, birinci xanımla nə əlaqəsi var? Problem var, mülki məsələdir və qanunla həll ediləcək. Maraqlıdır ki, kimsə Hüseyn Abdullayevin adını bilərəkdən müxalifətlə birgə hallandırmaq istəyir. Hüseyn Abdullayevin o bəyanatdan ümumiyyətlə, məlumatı yoxdur”, - deyə Kamandar Nəsibov bildirib.
“Azadlıq” qəzeti ilə əlaqə saxlayan Hüseyn Abdullayev isə Kamandar Nəsibovun dediklərini qətiyyətlə inkar edib. Keçmiş millət vəkili bildirib ki, verdiyi bəyanatın arxasında durur və orada yazılanların hamısı bilavasitə ona məxsus fikirlərdir. “O bəyanat mənə məxsusdur, orada yazdığım bütün sözlərin də arxasında dururam” deyən Hüseyn Abdullayev bundan sonra Kamandar Nəsibov adlı vəkilinin olmadığını da vurğulayıb./AzNews.az/