"Ölkədə teatr yoxdur, ancaq bayramı var".
Bunu Qaynarinfo-ya açıqlamasında ADO Teatrının təsisçisi Elmin Bədəlov Milli Teatr Günündən danşarkən deyib. O bildirib ki, yalançı bayramlaşmağı kənara qoyub, yeni teatr yaratmaq haqda düşünmək lazımdır:
"Teatra azadlıq verək, o zaman Azərbaycan teatrı yaranar və onda bayram keçirərik. 100 il əvvəlin işləri haqda yox, bu gün və sabah haqda düşünmək lazımdır. Yoxsa siz 100 il əvvəlin hadisələrini bayramlaşmaya çevirib, oturub gözləyirsiz ki, gürcü, fransız, alman gəlib sizə teatr quracaq, onda icazə verin, biraz sizə gülüm".
Elmin Bədəlov hesab edir ki, Azərbaycan teatrının formalaşması üçün ona azadlıq vermək lazımdır:
"Ötən il məhz martın 10-da ADO məkanını itirdi və artıq teatr xassəli icmaya çevrildi. Yəni ADO-nu da teatr kimi qoruya bilmədik. Və 9 ildir ki, Azərbaycanda Milli Teatr Gününün təntənəylə qeyd olunduğunu görürəm. Hansı teatrın bayramını qeyd edirlər? Bəlkə teatr binalarının bayramı qeyd edilir? O binalarda hansı tamaşalar göstərilir və yaxud Azərbaycan teatrı varmı? Yoxsa bu bayram sovetdən qalma teatrın bayramıdır? Mən başa düşmürəm, bu mənə gülməli gəlir”.
Bahar Rüstəmli