Xəbər lenti

İcra başçısından bərdəlilərə qeyri-adi QADAĞA
Ölkə09:17 10.02.2014

İcra başçısından bərdəlilərə qeyri-adi QADAĞA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bərdənin icra başçısı Vidadi İsayev rayonda fəaliyyət göstərən müəssisə rəhbərlərinə "Facebook"la bağlı xüsusi göstəriş verib.

Rayondan Qaynar.info-ya daxil olan məlumata görə icra başçısı Vidadi İsayev idarə və müəssisə rəhbərlərinə göstəriş verib ki, əməkdaşlarına "Facebook" sosial şəbəkəsi ilə bağlı qadağa qoysunlar. Belə ki, dövlət müəssisələrində çalışan şəxslər hər hansı sosial şəbəkədə, xüsusən də "Facebook"da fəaliyyət göstərəcəklərsə, həmin idarənin rəhbəri cəzalandırılacaq.

Məlumatda o da bildirilir ki, icra başçısı bu qadağanı rayonun bütün müəsssisələrində - təhsil, səhiyyə, mədəniyyət, maliyyə və digər sahələrdə çalışan şəxslərə qoyub. Bildirilir ki, idarə rəhbərləri bununla bağlı öz əməkdaşlarına müəyyən tapşırıqlar veriblər. Hətta məktəb direktorları məsələ ilə bağlı müəllimlərə "Kim sosial şəbəkələrdən, "Facebook"dan istifadə edəcəksə, ciddi cəzalandırılacaq" kimi xəbərdarlıq da ediblər. 

Məsələ ilə bağlı Bərdə rayon İcra Hakmiyyəti ilə əlaqə saxladıq. İcra başçısının birinci müavini Vahid Qarayev Qaynar.info-ya bunları dedi: "Feysbuk nə olan şeydir? Mən bilmirəm söhbət nədən gedir. Amma onu deyə bilərəm ki, yanlış söhbətdir". 

Qeyd edək ki, Prezident İlham Əliyevin dəfələrlə ölkədə azad internetin olması ilə bağlı tövsiyələr verib, həmçinin "Facebook" sosial şəbəkəsində də şəxsi səhifəsi var. Bir neçə gün öncə isə Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev "Facebook" sosial şəbəkəsinə qoşuldu. Belə bir halda Bərdə rayon icra başçısı tərəfindən belə bir qadağanın qoyulması başadüşülən deyil.

Mövzunu diqqətdə saxlayacağıq. 

Qaynar.info