
Quba rayon sakini, Qarabağ əlili Manafov İftixar rayon İcra Hakimiyyəti tərəfindən dəfələrlə aldadıldığını və qanunsuzluqla üzləşdiyini iddia edir.
Qaynar.info-nun məlumatına görə, Qarabağ əlilinin marka.az-a göndərdiyi şikayət məktubunda bildirilir ki, Quba rayon icra başçısının keçmiş birinici müavini Sahib Məmmədovun ona veriləcək evin başqa şəxslərə satdığını deyir.
O bildirib ki, həmin vaxt Sahib Məmmədov əlilə verilməsi müqabilində ondan 5 min manat rüşvət tələb edib. Qarabağ əlili iddia edir ki, 2011-ci ildə əlillərdən evlərin verilməsinə görə 5000-8000 civarında rüşvət istəyiblər, kim bu məbləği veribsə, ona ev verilib. Onun özü isə imkansızlığı ucbatından ev ala bilməyib.
Hazırda icra başçısının yeni birinci müavini Yusif Abidovla dəfələrlə görüşməsinə baxmayaraq, yenə də problemi həll olunmur. Belə ki, icra başçısının müavini onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir, nazirlik isə bu problemin İcra hakimiyyətindən qaynaqlandığını əsas gətirərək Qarbağ əlilini geri qaytarır. Beləliklə, vətəndaş iki dövlət qurumu arasında sərgərdan qaldığını deyir.
Qarabağ əlilinin marka.az-a göndərdiyi müraciətin mətnini təqdim edirik:
"Mən Manafov İftixar Adil oğlu 1981-ci ildə Quba rayonu İqrik kəndində anadan olmuşam. 2000-ci ilin iyul ayının 15-i Quba rayonunun Hərbi komissarlığından hərbi xidmətə çağrılmışam. Sonra 3 ay Bakıda - Badamdardakı 928 saylı hərbi hissədə xidmət göstərmişəm. Oktyabr ayında Gəncə şəhərinin 939 saylı hərbi hissəsinə göndərilmişəm. Orada minalanmış ərazidə hərbi xidmətimi (patrul xidməti) yerinə yetirərkən minaya düşmüşəm. Nəticədə sağ ayağımın 2/3 hissəsini itirmişəm. Yanvar ayında Bakı şəhərinə göndərilmişəm və orada may ayına qədər Mərkəzi Hərbi Hospitalda (Papanin) olmuşam. Ayağımı itirdiyimə görə dövlətimiz mənə I qrup hərbi xidmət əlili və Qarabağ əlili dərəcəsi vermişdir. 2002-ci ildə Bakı şəhəri Sosial Müdafiə Mərkəzində maşın, 2004-cü ildə isə mənzil növbəsinə dayandım. Lakin bu günə qədər nə maşın, nə mənzil verilməyib. Halbuki dövlət tərəfindən bunlar verilməli idi. 2011-ci ildə evlənmişəm. 1 yaş 8 aylıq bir övladım var.
Dövlət tərəfindən mənə aylıq 180 manat pensiya, 110 manat əlillərə təqaüd verilir. Başqa heç bir gəlirim yoxdur. Bundan əlavə, ev məsələsi ilə bağlı Quba rayon İcra Hakimiyyətinin birinci müavini Yusif Abidov ilə danışmışam. Lakin bir xəbər olmayıb. Daha sonra 2011-ci ildə Qubada əlillərə ev “paylamağa” başladılar. O zaman İcra Hakimiyyətinin 1-ci müavini Sahib Məmmədov ev verilməsi üçün məndən 5000 manat istədi. Lakin o qədər pul olmadığından mən ev ala bilmədim. Kimin pulu var idi 5000-8000 manat verib ev aldı. Daha sonra İcra Hakimiyyətinin birinci müavini vəzifəsinə yenidən Yusif Abidov təyin olundu. Mən yenə də ona yaxınlaşdım. O isə “biz ev verə bilmərik, nazirliyə müraciət edin” dedi. Əmək və Əhalinin Sosial Müdafə Nazirliyi isə məni yenidən Qubaya göndərdi. 11 il ev növbəmdə durduğum halda Tibbi komissiya məndən növbəyə yenidən dayanmağımı istədi".
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qaynar.info