
Bu gün Şamaxıdan Bakıya gələn 50-yə yaxın işçi kömək ümidilə ANS-ə üz tutub.
Şamaxı Rayon İcra Hakimiyyəti sistemindən uzaqlaşdırılan bu işçilər hüquq müstəvisində haqlarını tapsalar da, icra hakimiyyətində onları eşitmirlər, ya da eşitmək istəmirlər.
İşdən çıxarılan tək Oktay Tarverdiyev deyil. Onunla yanaşı daha 50-ə yaxın insan Şamaxı Rayon İcra Hakimiyyətinin kənd icra nümayəndəliklərində tutduqları vəzifələrindən azad edilib. Şikayətçilərin dediyinə görə, kiminin 10 il, kiminin isə 30 ilə yaxın iş təcrübəsi var. Ancaq 2012-ci ilin sentyabr ayında əvvəldən xəbərdarlıq etmədən müavin, mühasib, baş mühasib və digər vəzifələrini tutanlar işdən azad ediliblər. Şikayətçilərin sözlərinə görə, buna səbəb kimi “Dövlət qulluğu haqqında” qanuna əsasən ali təhsilə malik olmamaları göstərilib. Müsahiblərim isə deyir ki, bizə artıq 3-cü dərəcəli dövlət qulluqçusu statusu verilib.
Müsahiblərim Şamaxı Rayon Məhkəməsinə də şikayət ediblər və qalıb gəliblər. Daha sonra icra hakimiyyəti işdən çıxarılan əməkdaşları Sumqayıt Rayon İnzibati İqtisadi Məhkəməsinə verib. Bu dəfə də qalib tərəf işçilər olub. Appelyasiya və Ali Məhkəmələrdə də işə baxılıb və hər 2 məhkəmə də müsahiblərimin xeyrinə qərar çıxarıb. Qərara əsasən işçilər yenidən işə götürülməli və itirilmiş aylara görə onlara əmək haqqları ödənməlidir.
Məsələ ilə əlaqədar Şamaxı rayon İcra Hakimiyyətinin rəsmisi Qasım Qasımovla telefon əlaqəsi saxladı. O bildirdi ki, hazırda məsələ ilə əlaqədar müsahibəyə hazır deyil və hansısa iclasa tələsir.
Qurum rəsmisi bu sözləri deyib, dəstəyi qoydu. Daha sonra nə qədər zəng etsək də telefonlarımıza cavab vermədi. Yəqin ki, tezliklə ədalət öz yerini tapar və məhkəmələrin qərarları icra olunaraq işçilər yenidən öz vəzifələrinə qayıdar.
Qaynar.info