Dünya 14:00 09.06.2022

II Dünya Müharibəsində Hitlerlə danışan olub? - Polşa prezidentindən sərt sözlər

Putinlə danışmaq İkinci Dünya Müharibəsi zamanı Adolf Hitler ilə danışmağa bənzəyir.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Polşa Prezidenti Andrej Duda Fransa və Almaniya liderlərini Rusiya prezidenti Vladimir Putinlə telefon danışığına görə tənqid edərkən deyib.

Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Makron müharibə gedişində Putinlə təkbətək telefon danışığı aparıblar.

Makron xüsusilə diplomatik həll yolu şanslarını qorumaq üçün Rusiya "alçaldılmamalıdır” deyərək Ukraynanı qəzəbləndirib.

Duda Bild-ə verdiyi müsahibədə deyib ki, belə müzakirələr ancaq Ukraynada qeyri-qanuni müharibəni qanuniləşdirir.

"İkinci Dünya Müharibəsi zamanı Adolf Hitlerlə belə danışan olub? Kimsə Adolf Hitler simasını xilas etməlidir, elə hərəkət etməliyik ki, Adolf Hitler üçün alçaldıcı olmasın deyib? Mən belə şeylər eşitməmişəm”,- Duda deyib. 

Mayın 28-də Şolts və Makron Putinlə telefon danışığı aparıb və onu Mariupoldakı Azovstal polad zavodunda əsir götürülən 2500 ukraynalı döyüşçünü azad etməyə və birbaşa Ukrayna prezidenti Volodimir Zelenski ilə danışmağa çağırıb.

İtaliya və Macarıstan Avropa İttifaqını açıq şəkildə Ukraynanı Rusiya ilə atəşkəs və sülh danışıqlarına başlamağa çağırıb.

Qeyd edək ki, keçən ay Zelenski də Qərbdə bəzilərinin Kiyevin ərazilərdən imtina etməsi və müharibəni bitirmək üçün güzəştə getməsi ilə bağlı təkliflərinə sərt reaksiya verib. O deyib ki, bu ideya 1938-ci ildə İkinci Dünya Müharibəsi ərəfəsində nasist Almaniyasını sakitləşdirmək cəhdlərini xatırladır. 

Nurlan Hüseynov