Xəbər verdiyimiz kimi, ötən gün Rusiyaya məxsus İL-76 təyyarəsi Belqorod səmasında vurulub. Rusiya mətbuatının yazdığına görə, 65 nəfər ölüb. Rusiya mətbuatı və rəsmiləri təyyarədə ukraynalı hərbi əsirlərin dəyişmək üçün gətirildiyini iddia edir.
Moskva qeyd edir ki, rəsmi Kiyev Belqorod vilayətində İl-76 təyyarəsini vuraraq terror aktı törədib:
"Təyyarənin göyərtəsində olan hər kəs, o cümlədən ukraynalı əsirlər ölüblər. Əsirlərin dəyişdirilməsi, əvvəllər əldə edilmiş razılaşmaya əsasən, günorta saatlarında Rusiya-Ukrayna sərhədindəki Kolotilovka keçid məntəqəsində baş tutmalı idi".
Ukrayna isə təyyarədə Xarkova zərbələr endirilməsi üçün raketlər daşındığını bildirir. Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yanvarın 24-də əsir mübadiləsinin planlaşdırıldığını, lakin bunu baş tutmadığını təsdiqləyib.
Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) isə müxtəlif rus mənbələrinin dərc etdiyi geolokasiya görüntülərinə istinadən belə nəticəyə gəlib ki, informasiya məkanındakı rus oyunçular təyyarənin düşməsindən "Ukraynada daxili narazılıq toxumu səpmək və Qərbin Kiyevə hərbi dəstək verməkdə davam etmək istəyini sarsıtmaq üçün" istifadə edir.
Ukrayna prezidenti Volodimir Zelenski isə deyib ki, ruslar "Ukraynalı əsirlərin həyatı, qohumlarının hissləri və cəmiyyətimizin emosiyaları ilə oynayırlar”. Onun sözlərinə görə, Kiyev təyyarə qəzası ilə bağlı beynəlxalq araşdırma aparılmasında israr edəcək.
Hələlik təyyarının vurulub-vurulmadığı barədə dəqiq məlumatlar yoxdur. Onun Rusiya ərazisində olduğunu nəzərə alsaq, aydın məsələdir ki, araşdırma prosesinə Qərb mütəxəssisləri birmənalı olaraq buraxılmayacaq. Bu isə o anlama gəlir ki, Moskva baş verən qəzanı öz marağına uyğun yozacaq.
Qeyd edək ki, İL-76 təyyarəsi ağır və iri ölçülü yüklərin orta və uzaq məsafələrə daşınması üçün təyin olunub. Bu isə o anlama gəlir ki, təyyarədə Kiyevin israr etdiyi kimi raketlərin daşınması ehtimalı daha məntiqlidir. Amma ola da bilsin Rusiya bilərəkdən həmin təyyarəyə raketlərlə yanaşı, ukraynalı hərbi əsirləri də yerləşdirib ki, Kiyev onu vurmaqdan yayınsın. Vurduqda isə həmin olaydan Ukrayna əleyhinə təbliğatda yararlansınlar. Xüsusən də ölkə daxilində hakimiyyətə qarşı nifrət toxumu səpmək üçün. Zelenskinin olayla bağlı beynəlxalq araşdırma tələb etməsi də onun sübutudur ki, hadisənin bu cür cərəyan etməsində birmənalı olaraq Moskvanın əli var. Bütün hallarda baş verən bu hadisənin müharibənin gedişinə heç bir təsiri olmayacaq. Əksinə, tərəflərin bir-birinə qarşı düşmənçiliyi daha da artacaq. Olayı isə Moskva öz marağına, Qərb və Kiyev də öz marağına uyğun olaraq yozacaq. Müharibənin getdiyi, tərəflər arasında düşmənçiliyin olduğu bir dövrdə isə hadisə ilə bağlı obyektiv araşdırmanın həyata keçiriləcəyi gözlənilmir.
Rüfət Sultan