Xəbər lenti

İlham Əliyevlə Şarl Mişel arasında görüş hansı perspektivlər vəd edir? (ŞƏRH)
Siyasət11:45 14.12.2021

İlham Əliyevlə Şarl Mişel arasında görüş hansı perspektivlər vəd edir? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Prezidenti ilə Aİ Şurası rəhbəri arasında olan görüş fonunda qurumla Bakı arasında əməkdaşlıq üçün yeni perspektivlər yaranacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında olacaq ikitərəfli görüşü şərh edərkən deyib.
Həmsöhbətimiz qeyd edir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra Bakı ilə Aİ arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edən yeni mərhələyə qədəm qoyub: 
"Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər daim yüksək əməkdaşlıq səviyyəsində olub. Aİ Şurasının Prezidenti Şarl Mişel yayda Bakıda səfərdə olub. Bu səfər çərçivəsində Azərbaycan-Aİ münasibətlərinin yeni mərhələdə yeni perspektivləri nəzərdən keçirilib. Hansı ki, bu əməkdaşlığın böyük perspektivləri var. Şarl Mişel Azərbaycanın istifadə etdiyi diplomatik leksikona sadiq qalaraq, ölkəmizin ərazi bütövlüyünə hörmətini ifadə edib. Ona görə də Bakı ilə Aİ arasında ticarət əlaqələri yüksək səviyyədədir. Aİ ölkələri Bakının ən böyük ticarət tərəfdaşlarıdır. Bu münasibətlərə strateji xarakter verən məsələlərdən biri də enerji resurslarımızın Avropaya çatdırılması istiqamətində olan əməkdaşlıqdır. Azərbaycan Avropaya neft və qaz üzrə alternativ kəmərləri təmin edib. Azərbaycan hazırda həmçinin Uzaq Şərqdən Avropaya uzanan yeni bir nəqliyyat kommunikasiyası yaradıb. Zəngəzur dəhlizinin açılması ilə bu yol daha 300 km azalacaq ki, yüklər Avropaya daha qısa zamanda və az xərclə çatdırılacaq”. 
Deputat bildirdi ki,  Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişafı üçün olduqca yaxşı pesrpektivlər mövcuddur:
"Brüsseldə Azərbaycan Prezidenti ilə İlham Əliyevlə Şarl Mişel arasında olacaq görüşdə də bütün bunlar müzakirə ediləcək və əməkdaşlıq üçün yeni münasibətlər yaranacaq”. 
H. Babaoğlu düşünür ki, Aİ ilə münasibətlərin daha da inkişafında Şarl Mişelin yayda Bakıya olan səfəri mühüm rol oynayıb: 
"Azərbaycanın əldə etdiyi tarixi zəfərdən sonra ölkəmizə səfər edən beynəlxalq təşkilat rəhbərlərindən biri də Şarl Mişel olub. 
Mişel Azərbaycanda ölkəmizin yaratdığı yeni reallığı Aİ Şurasının rəhbəri kimi dəyərləndirən və qəbul edən siyasətçi kimi xatırlanır. Çünki yeni reallıq nəticəsində formalaşan siyasi leksikonu mənimsəyərək, bütövlükdə bəzi Avropa ölkələri rəsmilərinin Azərbaycanın marağına zidd səsləndirdiyi fikirləri səsləndirməkdən imtina etdi. Bu özü onun Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsi kimi qiymətləndirilməlidir”.
Rüfət Sultan