
VİP rəisi azərbaycanlı qızlara 400, Rusiyadan, Ukraynadan gələn qızlara isə 2000 manat maaş verir
Ölkəmizin giriş qapısı olan Hava Limanı ilə bağlı dövrü mətbuatda tez-tez yazılar dərc olunur. Çox təəssüf ki, dərc olunan yazıların çoxu ürəkaçan olmur. Belə ki, ölkəmizin giriş qapısında bəzi məmur övladlarının dava-dalaşı, bəzən isə hətta hava limanında asayişə cavabdeh olan şəxslərin zorakı hərəkətləri mətbuatın gündəmindən düşmür.
Bir müddət əvvəl mətbuatda hava limanında bütün yerüstü xidmətləri həyata keçirən “Silk Way” şirkətinin rəisi İlham Şükürovla bağlı skandallı yazı dərc olunmuşdu. Biz yazılanların hamısının İlham Şükürovun məsuliyyətsizliyi səbəbindən baş verdiyini iddia eləmirik. Ancaq atalar demişkən, od olmasa tüstü çıxmaz. Bəli, İlham Şükürov hazırda “AZAL” şirkətində VİP rəisidir.
Adından da bəlli olduğu kimi bu xidmət xüsusi personalar üçün nəzərdə tutulub. İşimiz onunla deyil.
Məlumata görə bir çox işçilər İlham Şükürovdan narazıdırlar. Daha doğrusu, VİP rəisinin “kadro siyasətindən” işçilər təngə gəliblər. Belə ki, İlham Şükürov bu vəzifəyə təyin olunandan sonra öz millətimizdən olan cavan təcrübəli xanımları işdən uzaqlaşdırır və onların yerinə Rusiyadan, Ukraynadan qızlar dəvət edir.
Bu azmış kimi öz millətimizdən olan xanımlara 400 manat əmək haqqı verdiyi halda, Rusiyadan, Ukraynadan gələn qızlara ayda 2000 manat maaş verir. Görəsən, Rusiyadan, Ukraynadan gələn qızlar burada hansı xidməti göstərir ki, o xidməti azərbaycanlı qızlar göstərə bilmir? Həm də necə olur ki, azərbaycanlı qızlara 400 manat, miqrantlara isə 2000 manat əmək haqqı verilir?
Onu da nəzərə almalıyıq ki, miqrantların işə götürülməsinə görə hər bir müəssisə dövlət büdcəsinə xeyli miqdarda pul ödəyir. Yəni söhbət təkcə 2000 min manatdan getmir? Bu məsələlərə aydınlıq gətirmək üçün dəfələrlə AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli ilə telefon əlaqəsi saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.///qafqaznews.az