Hüseynbala Səlimov
HÖKUMƏT DƏ GÖZLƏYİR, CAMAAT DA...
Hamı gözləməkdədir. Hökumət son iki ilin ən bəd xəbərini elan etmək üçün məqam axtarır. İnsanlar isə hələ də gözləyir ki, hakimiyyət axır ki, bu acı böhrandan bir çıxış yolu tapacaqdır...
Amma çıxış yolu əvəzinə büdcə budanir, xərclər azaldılır, qiymətlər artırılır, milli valyuta dəyərdən düşməkdə davam edir. Düzdür, hökumət maliyyə sabitliyi konsepsiyası üzərində iş getdiyini bildirir. Fəqət, bu, az da olsa, təsəlli vermir, çünki hamı bu fikirdədir ki, hökumətin qərarları böyük ehtimalla sosialyönümlü yox, əskinə kəskin maliyyə xarakterli bir qərarlar olacaqdır...
Bizim rəyimizə gəldikdə isə, doğrusu, hökumətimizdən heç nə gözləmirik. Düşünürük ki, bu hakimiyyət istəsə belə, əsl islahatlara gedə bilməz.
Ona görə ki, indi ölkədə “məmur limiti” deyilən bir vəziyyət yaranıb. Bunun açılımı isə budur ki, hakimiyyətin və onun məmurlarının özəl maraqları ölkənin inkişafı, həqiqi islahatlar qarşısında bir səddə çevrilib. Əslində limit deyilən məsələ hamı üçün mövcuddur, hamının bir limiti var. Hamı hər şeyə yalnız özünə ziyan verməyəcək bir dərəcədə inkişaf etməyə imkan verə bilər.
Ona görə də indi bizim hakimiyyətin və onun məmurlarının malik olduqları səlahiyyətləri və imtiyazları yada salın, onların hansı sərvətə sahib olduğunu xatırlayın və sonda tək bircə suala cavab verməyə çalışın: Onlar heç əsl islahatlara gedərlərmi? Ona imkan verərlərmi?..
Ona görə də şəxsən mən bu hökumətdən heç nə gözləmirəm. Bundansa başqa bir reallığa diqqət yönəltmək istərdim.
Elektrikin və qazın qiymətləri artandan sonra belə, hakimiyyət təmsilçiləri işarə etdilər ki, bunlar hələ hamısı deyildir... Ona görə də bir vətəndaş olaraq ya kəmərlərimizi çəkməliyik, ya da ki, hökuməti daha sosialyönümlü siyasət yürütməyə çağırmalıyıq...
Bəs cəmiyyət nə düşünür? O, heç olmazsa, perspektivdə özünü nələrin gözlədiyinin fərqindədirmi?..
NƏSƏ YAZMAQ, DANIŞMAQ HƏLƏ DEMOKRATİYA DEYİL...
Mən arabir İnsanlarımızın nələri oxuduqlarını, hansı mövzulara daha çox diqqət yetirdiklərini də izləməyə çalışıram.
Həm də azacıq sosioloq təcrübəsi də olan bir adam kimi bu, mənə ictimai ovqatı, bizim insanların nə düşündüklərini anlamaqda yardımçı olur...
Məsələn, görürəm ki, adamlarımız demokratiya ilə bağlı yazılanlara elə də maraq göstərmir. Hətta adi söhbətlərdə belə bir də görürsən ki, hamı “Əşşi, demokratiya var da... Yazırlar, danışırlar!..” - deyir...
Amma gəl ki, yazmaq və danışmaq hələ əsl demokratiya və azadlıq demək deyildir. Üstəlik, bir yazar kimi qətiyyətlə deyərdim ki, yazılmalı olanların 95 faizini yaza bilmirik, çox vaxt yüngül gliey-güzarımızı bildirir, bir növ, deyinirik...
Əsl demokratiyaya gəldikdə, onun sanksiyaları olmalıdır, əzizlərim!.. Bu sanksiyalar isə sizin azad və demokratik seçkilərdə, referendumlarda və sorğulardakı qərarlarınızdır...
Elə sözün də sanksiyası olmalıdır. Söz də eşidilməldir. Amma eşidirlərmi? Əgər deputatlara “Müsahibə verməyin!.. Nəyinizə lazımdır müsahibə vermək?!.” deyilirsə, bizim yazmağımızın və yaxud da ki, danışmağımızın faydası olarmı?..
Ona görə də, çalışın, azad və demokratik seçki haqqınızı qaytarın. Nə vaxt qaytarsanız, onda problemləriniz də həll olunmağa başlayacaqdır. Hətta böhranın aradan qalxması da demokratiya ilə bağlıdır. Dünya neft bazarındakı qiymət konyukturası nəticəsində yarana bilən mülayimləşməri nəzərə almasaq, böhran fundamental şəkildə o vaxt bitəcək ki, hökumət kompleks şəkildə islahatlara – həm iqtisadi, həm də siyasi islahatlara başlayacaq. Bunun üçün isə cəmiyyətin tələbi olmalıdır və cəmiyyət özünün hüquq və azadlıqlarını qaytarmalıdır...
XƏSTƏ DƏRMANINDAN İMTİNA ETDİYİ KİMİ...
İndisə, az qala, hamı demokratiya haqqında deyilənləri və yazılanları görməməyə çalışır. Bilirsinizmi, bu, nəyə bənzəyir? Elə bil xəstə israrla həqiqi dərmanını qəbul etmək istəmir, onu rədd edir, başqa vasitələrlə sağalacağını düşünür...
Ölkədə savadlı iqtisadçılar var. Amma onlar da sizi yalnız məlumatlandıra, bu və ya digər qərarı qəbul etməkdə yardımçınız ola bilər. Amma qərarı siz verməlisiniz, bu isə yalnız azad və demokratik seçkilərdə olar...
Elə yazarların da imkanları məhduddur. Biz də sizə yalnız köməkçi ola bilərik, siyasi qərarlarınızın formalaşmasına, situasiyaya daha adekvat qərar qəbul etməyinizə kömək edə bilərik. Amma bir daha deyirəm ki, qərarı siz verməlisiniz, özü də demokratik seçkilərdə, azad referendumlarda və sərbəst sorğularda...
SİYASƏT TƏKCƏ MEDİADA GÖRÜNMƏK DEYİL...
Təbii, bu konteksdə siyasətçilərin də boynuna böyük missiya düşür. Burada bir məsələni xüsusilə vurğulamaq istərdim. Bizim televiziyaların, ümumiyyətlə, medianın hansı durumda olduğu bəllidir, bu haqda əlavə sözə ehtyac yoxdur.
Amma başqa televiziyalara da baxırıq. Məsələn, götürək, Türkiyə televiziyalarını - elə orada da daha çox seriallardır, əyləncədir, nə bilim, şoudur...
Düzdür, Azərbaycana baxanda fərq böyükdür, hər halda, türk televiziyalarında müxalifətçilər və müxalif fikir də diqqətdən qalmır, müxalifətin bəyanat və fikirləri dərhal əsas xəbərlərdə yer alır...
Amma daha çox hansı müxalifəti göstərirlər? Təbii ki, Bağçalı və Qılıncdaroğlu kimi siyasətçiləri... Ona görə ki, bu adamların həqiqətən də siyasətə real təsiri var.
Fəqət, bu da demək istədiyim əsas məqam deyil. Qılıncdaroğlunun da, Bağçalının da əsas işi heç də televiziyalarda və mediada görünmək deyil, onlar siyasi işlə, adamlarla işləməklə məşğuldurlar.
Elə bu səbəbdən də qəbul etmək lazımdır ki, siyasətçinin işi, özü də əsas işi insanlarla işləmək, tərəfdar toplamaq və təşkilatlandlrmaqdır...
Bizim siyasətçilər isə özlərini elə aparır ki, guya, mediada görünsələr, xüsusən də televiziyaya çıxa bilsəydilər, hər şey həll olunar, xalq dərhal hakimiyyət çələngini bunların başına qoyardı!..
Halbuki elə siyasi gücə çevrilməlidirlər ki, televiziyalar da onları göstərməyə və ya yazılı media onlar haqqında yazmağa məcbur olsun, hətta hakimiyyət də buna mane ola bilməsin...
Siyasətçi insanlarla işləməlidir. Bəlkə də mənim üçün böyük qüsur hesab edilə bilər, amma səmimi şəkildə etiraf edirəm ki, AKP hakimiyyətə gələnə qədər R.T.Ərdoğanı tanımırdım. Deməli, siyasi fəaliyyətin başqa tərəfləri də var...
SÖZÜ ƏMƏLƏ ÇEVİRMƏK ÜÇÜN...
Bir məsələni də demək istərdim. Siyasət və hərb tamam başqa məsələlərdir. Bunların məntiqi də və düşüncə kateqoriyası da tamamilə fərqlidir. Xüsusən də dinc və demokratik siyasət tamam başqa şeydir...
Sadəcə, bu misalla fikrimi daha dolğun ifadə edəcəyimi düşünürəm. Müasir hərbin arsenalında nələrin olduğu hamıya bəllidir. Amma hətta hərbdə belə son anda qalaları və yaxud da ki, şəhərləri piyada qoşunları, rusca desək, “pexota” götürür...
Siyasət də haradasa belədir. İqtisadçılar nəyəsə münasibət bildirər, nəyisə adamlara izah edər və yaxud hökumətin siyasətini tənqid edə bilərlər. Jurnalistlər və yazarlar da yalnız ictimai rəyi formalaşdırmaqda yardımçı ola bilər. Əsas missiya yenə də cəmiyyətin və siyasətçilərin boynuna düşür, çünki yalnız onlar sözü əmələ və hərəkətə çevirə bilər...
Əks təqdirdə nə böhran çəkiləcək, nə də digər işlər yoluna qoyulacaq və biz iqtisadi şoklardan qurtulmayacağıq.
Nə daha yaxşıdır? Əbədi böhran ölkəsində yaşamaq, yoxsa özümüzə azacıq əziyyət verib öz demokratik haqq və hüquqlarımızı qaytarmaq?.. Hər bir halda, seçim bizimdir. Ona görə ki, hətta əsl seçkilər olmayanda belə yenə də biz seçim edirik - öz sükutumuzla...
Qaynarinfo.Az