
Yanvarın 15-28-i aralığında Omanın paytaxtı Maskat şəhərində hərbçilər arasında futbol üzrə II dünya çempionatı keçiriləcək.
Qaynarinfo.Az xəbər verir ki, 3 il əvvəl ilk dünya çempionatı Bakıda keçirilsə də, Azərbaycan bu yarışda iştirak etməyəcək.
Artıq dünya çempionatının püşkü atılıb. A qrupunda Oman, Bəhreyn, Fransa, Qvineya, B qrupunda Əlcəzair, İran, Almaniya, Braziliya, C qrupunda Qətər, İrlandiya, ABŞ, Mali və D qrupunda Misir, Suriya, Polşa, Kanada mübarizə aparacaq.
Qeyd edək ki, hərbçilər arasında futbol üzrə dünya çempionatı 1946-cı ildən keçirilsə də, ilk təmtəraqlı mundial ilk dəfə 2013-cü ildə Azərbaycanda keçirilib. Onda Nazim Süleymanovun başçılıq etdiyi komandamız dünya çempionatında medalsız qalmış və IV yerlə kifayətlənmişdi. Baxmayaraq ki, millimizin heyətində hərbçilərdən çox, peşəkar futbolçular yer almışdı. Həmin yarışın finalında isə İraq Omana qalib gəlmişdi.
Qaynarinfo.Az