Xəbər lenti

İmitasiyalı demokratiyanın mənbəyi
Hüseynbala Səlimov
Siyasət10:21 09.11.2020

İmitasiyalı demokratiyanın mənbəyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hüseynbala Səlimov

Güman ki, rusiyalı müəllifin post-sovet məkanındakı imitasiyalı demokratiya haqqındakı yazısının birinci iki cümləsini oxuyar-oxumaz bizim diqqətli oxucu əlini yelləyər və məşhur zərb-məsəli deyərdi: "Öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır...”

Əlbəttə ki, ən azı sırf formal baxımdan o, haqlı olardı, çünki rusiyalı müəllif Ukrayna və yaxud da Qırğızıstan kimi ölkələrdə demokratiyanın vəziyyətini analiz və müzakirə etməkdənsə öz ölkəsinin vəziyyətini araşdırmağa çalışardı, çünki V.Putinin konstitusiyaya ən son düzəlişlərindən sonra ölkə demək olar ki, siyasi hüquq və azadlıqlarla tamam vidalaşıb, hansılar ki, 90-cı illərdə, sovetizmin qürubu-süqutu dalğasında bu ölkəyə yol tapmışdı və ruslar tərəfindən "demokratiya və azadlığın meydan sulaması, cövlanı” adlandırılmışdı.

Amma bizim ruisayalı müəllif onda haqlıdır ki, imitasiyalı demokratiya çox geniş yayılmış (təkcə post-sovet məkanında yox!) bir fenomendir, amma müəllif onun dəqiq ünvanını, ən əsası da mənşəyini korrekt bir şəkildə təyin edə bilmir. Məsələn, bir vaxtlar Rusiyanın KİV-ləri aləmə səs salmışdı ki, bəs Ukraynada faşizm bərqərar olub.

Amma heç bir -iki il keçmədi ki, ukraynalılar yəhudini özlərinə prezident seçdilər və rusları sual qarşısında qoydular: heç faşistlər də yəhudi mənşəli insanı özlərinə prezident seçərlərmi? Mən hələ onu demirəm ki, buna qədər də Ukraynanın siyasi və əsasən də ki, iqtisadi elitasında yetərincə yəhudi vardı...

İmitasiyalı demokratiya fenomenini anlamaq və onun mahiyyətinə varmaq üçün belə bir detalı unutmamaq lazımdır ki, indi 21-ci əsrdir və heç kim açıq şəkildə azadlığa və demokratiyaya qarşı opponentlik etmir.

Hətta müasir avtoritar və qeyri-demokratik rejimlər belə özlərinin siyasi və dövlət sistemlərini "Dünyada ən demokratik” adlandırır və onu milli, effektiv və yaxud da məsuliyyətli demokratiya kimi təqdim edirlər.

Odur ki, birmənalı şəkildə konstatasiya etmək olar ki, dünyada nə qədər avtoritar rejim varsa (onlar heç də az deyil!), o qədər də "demokratiya növü” var və demokratiyaya qarşı açıq çıxış etməyə heç də hamı cəsarət etmir və avtoritar liderlər özlərini elə aparırlar ki, guya onlar yalnız Qərb tipli demokratiayalara qarşıdırlar, guya bunlar yerli adətləri, mentaliteti və milli-mənəvi dəyərləri nəzərə almır və guya ki, müasir demokratiya böyük ölkələrin əlində üçüncü ölkələrin siyasətini idarə etməkçün adicə vasitədir və bunun qarşısını almaq üçün guya ki, hər vasitə icazəlidir, o cümlədən də, qərbçi demokratların hakimiyyətə gəlişinin qarşısını almaq üçün seçkinin saxtalaşdırılması!..

Təkrarən post-sovet təcrübəsinə qayıdaq. İmitasiyalı demokratiyanın ilk əlamətləri hələ sovet vaxtı vardı. Məsələn, sovet adamları öz deputatlarını alternativsiz əsasda seçirdilər, belə ki, seçki bülletenlərində bircə "namizəd”in adı olardı və məlum deyildi ki, axı bir adamdan birini necə seçmək olar?

Burada onu da qeyd edək ki, insanlar açıq şəkildə yalan danışmağı məhz o dövrdə öyrəndilər, din-mənəviyyat, haqq, Allah qarşısında qorxu yox idi, şəxsiyyətin əsl haçalanması baş vermişdi: insanlar bir şey düşünür və tamam başqa şeyi deyirdilər...

Odur ki, post-sovet dövründə də xeyli müddət müəyyən əyintilərin olacağı aydın idi. Məsələn, sovetin çöküşü illərində belə bir çox məşhur siyasi deyim vardı: belə şəraitdə hansı partiyanı yaradırsansa, yarat, yenə də kommunist partiyası alınacaq...

Bəzi ölkələr bu neqativləri adladılar, demokratik və düzgün seçki keçirməyi öyrəndilər, hakimiyyətin bölünməsini təmin etdilər, insan haqq və azadlıqlarını qəbul etdilər, çoxpartiyalı və parlamentar demokratiya şəratinidə yaşamağa başladılar, siyasi plüralizmi siyasi idarəçiliyin fundamenti kimi elan etdilər və s.

Əlbəttə ki, problemlər qalır. Amma daha çox problem post-sovet məkanının digər seqmentiylə bağlıdır. Bəzi ölkələrdə demokratiaya sarıdan alınmadı və bu ölkələrdə avtoritar siyasi rejimlər bərqərar oldu. Bir az əvvədə qeyd etdiyimiz kimi, onlar da özlərini avtoritar hesab etmir, demokratiyanı imitasiya etməyə çalışırlar, çoxpartiyalılıq və ya siyasi plüralizm görüntüsü yaradırlar.

Bütün bu ölkələrə məhz Rusiya dəstək verir. İnanın, indiki vaxtda biz Rusiyanı heç də tənqid etmək istəməzdik. Fəqət, biz daim yazırdıq ki, Moskva bir regional güc olaraq bölgədəki siyasətini tamamilə ermənilərin sərsəm siyasi nağıllarına, axmaq planlarına tabe etdirə bilməz. Daim belə bir tezisi vurğulayırdıq ki, Rusiya ilə Ermənistan arasında gec-tez çox ciddi çat yaranacaq. Bütün bunlar oldu.

Amma Rusiyanın özünün də hələ xeyli əyər-əksikləri var. Bir çox məsələlərdə bu ölkə özü də imitasiya ilə yaşayır və imitasiya yaradır: məsələn, Avrasiya Birliyi Avropa İttifaqının imitasiyası, KTMT isə NATO-nun karikaturasıdır!

Kreml region dövlətlərini də, bir sıra post-sovet ölkələrini də bunları qəbul etməyə çağırır. Məsələn, hazırda Kreml nəyin bahasına olursa-olsun, Belarusda Lukaşenko rejimini saxlamağa çalışır və zərrə qədər də fərqinə varmır ki, Lukaşenkonu seçməklə o, belarus xalqını itirir...

Bəs Rusiyanın bu absurd teatrı çoxmu çəkəcək? Rusiyalı müəlliflər, daha doğrusu, onların praqmatik hissəsi təxmini vaxt deyə bilməsələr də, etiraf edirlər ki, onların ölkəsi öz satellitlərinə yeni heç nə təqdim etmək gücündə deyil və bu ölkələr ilk fürsətdəcə başqa siyasi, iqtisadi, geosiyasi tərəfdaş seçməli olacaqlar. Kremldə bunu bilirlər və ona görə də hər dövlətin ərazisində bir münaqişə yaradıblar ki, bu yolla onları öz ətrafında saxlaya bilsinlər. Amma bu da əbədi olmayacaq. Həmin ölkələr də bu "boyunduruq”dan çıxandan sonra "Əlvida, Moskva!” deyəcəklər.