(Yazı "Fikir, söz, məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanmışdır)
Demokratiyanın əsas göstəricisi olan söz, fikir, məlumat azadlığı, plüralizm dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətin formalaşmasında müstəsna rol oynayır. Azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biridir.
Azərbaycanda 30 illik müstəqillik dövründə bu sahədə də mühüm addımlar atılıb. Ölkəmizdə insan və vətəndaş hüquqları və azadlıqlarının təmini qanunla təsbit olunub. Ölkədə çoxpartiyalı sistem mövcuddur. 56 siyasi təşkilat, 3332 QHT qeydiyyata alınıb. 2021-ci ilin məlumatına görə, ölkədə uçota alınmış mətbu orqanların sayı 5382-ə çatıb.
Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, televiziya və radiolar, internet, informasiya agentlikləri və s. cəmiyyətin inkişafına mühüm təsir göstərməklə yanaşı, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirməkdə mühüm vasitələrdir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Dördüncü hakimiyyət rolunda çıxış edən kütləvi informasiya vasitələri demokratiya və informasiya azadlığının mühüm elementləridir.
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, bu müstəvidə fikir, söz, məlumat azadlığının kifayət qədər aktiv inkişaf etdiyini deyib:
"Nəzərə almaq lazımdır ki, fikir və söz azadlığı, plüralizm cəmiyyətin demokratikliyinin əsas göstəricisidir. Təbii ki, hər bir cəmiyyətdə qeyd olunan istiqamət üzrə fərqli səviyyələrdən danışmaq üçün əsaslar var. Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, bu müstəvidə fikir, söz, məlumat azadlığı kifayət qədər aktiv inkişaf edir. Bildiyiniz kimi, insanlar özlərinin fərqli maraqlarını daha effektiv şəkildə ifadə etmək üçün müxtəlif maraq qruplarında birləşir. Bu addımı atmaq insanların özlərinin müstəqil qərarıdır. Müxtəlif maraq qrupları vətəndaş cəmiyyətinin əsas elementini təşkil edir. İstənilən ölkədə vətəndaş cəmiyyətinin inkişaf səviyyəsi orada fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, maraq qrupları və KİV-lərin sərbəst fəaliyyəti, müxtəlif maraqlara sahib olan insanları öz ətrafında birləşdirməsi imkanları ilə ölçülür. Azərbaycan reallığında kifayət qədər qeyri-hökumət təşkilatının, kütləvi informasiya vasitələrinin, elektron medianın mövcud olduğunu görərik. Hansı ki, onlar da özlərinin rəngarəng profiliyilə seçilir. Yəni həyat fəaliyyətinin müxtəlif sahələri üzrə qeyri-hökumət təşkilatları, maraq qrupları mövcuddur. Həmin maraq qrupları çərçivəsində hər şeydən öncə cəmiyyət üzvləri öz maraqlarının qorunması istiqamətində çalışır. Bu imkanın mövcudluğu fikir, söz, fəaliyyət azadlığının bariz nümunəsidir”.
Deputat onu da vurğulayıb ki, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişaf perspektivi böyükdür:
"Azərbaycan dövləti tərəfindən QHT və KİV-lərə dəstək göstərilməkdədir. Bu istiqamətdə dövlətin fəaliyyəti institutsionallaşdırılıb. Bu da onun göstəricisidir ki, Azərbaycanda vətəndaş cəmiyyətinin kifayət qədər perspektivli gələcəyi var. Vətəndaş cəmiyyətinin başlıca elementi olmaqla QHT və KİV-lər, orada təmsil olunan üzvlərin fikir və maraqlarını sərbəst ifadə etmək imkanını təqdim edib. Bu təsisatların daha geniş müstəvidə inkişafı üçün də bütün imkanlar yaradılıb. Həmin təsisatlar bu fonda daha da inkişaf edəcəksə, cəmiyyətimizdə fikir azadlığı və sərbəstlik bir o qədər genişlənəcək. Ümumiyyətlə, dünya təcrübəsində cəmiyyətin demokratikləşməsi prosesi, fikir və söz azadlığının hansısa yekun bir yüksək nöqtəsi yoxdur. Belə bir ölçü şkalası mövcud deyil. Onun haqqında danışmaq üçün əsas da mövcud deyil. Amma bütövlükdə davamlı olaraq insanlar özlərini sərbəst şəkildə ifadə etməyi bacarırsa, fəaliyyət müstəqilliyinə sahibdirlərsə, ona müvafiq olaraq bu istiqamətdə göstəricilərin yaxşı olduğu və perspektivin mövcudluğu barədə danışmağa əsaslar var”.
Həmsöhbətimiz qeyd edir ki, bir çox cəmiyyətlərdə bəzən fikir, söz azadlığını doğru anlamırlar:
"Təbii ki, öz fikrini sərbəst ifadə etmək imkanının olması müəyyən kodekslərlə tənzimlənməlidir. Bu birmənalıdır. Cəmiyyət üzvlərinin bir qismi öz fikrini bildiyi formada təmin etmək iddiasında olaraq digər üzvlərin maraqlarına toxunursa, təbii ki, bu istiqamətdə tənzimləyici kodekslərin olması vacibdir. Cəmiyyət üzvlərinin maariflənmə səviyyəsi elə olmalıdır ki, onlarda daxili təftiş olsun. Yəni fikir, söz azadlığı amili adı altında başqalarını təhqir etmək, şər-böhtan yağdırmaq heç də demokratiyanın göstəricisi deyil. Əksinə, bu cəmiyyətdə siyasi mədəniyyət səviyyəsinin aşağı olduğuna dəlalət edir. Ona görə də fikir, söz azadlığından danışarkən, öz peşəkar fəaliyyəti, istər peşəkar maraqları ilə bağlı sərbəst mövqeyini ifadə etmək imkanları nəzərdə tutulmalıdır”.
E. Mirbəşiroğlu düşünür ki, müxtəlif platformalar üzərindən hansısa marginal maraqların təmin olunması naminə cəmiyyətin digər üzvlərinə qarşı təhqirə keçilməsi demokratik dəyərlərlə tərs mütənasibdir:
"Ona görə də cəmiyyət sağlamlaşdırılmalıdır. Çünki bu sağlamlaşdırılma elə demokratik prinsiplərin oturuşması və inkişafına xidmət edir. Cəmiyyətin bir üzvü özünün tam müstəqilliyini təmin etməyə çalışmaqla başqa üzvlərin maraqlarına toxunmamalıdır. Bu baş verərsə, maraq toqquşması baş verir ki, bu fonda cəmiyyətin başqa bir qismi özünü müdafiəsiz vəziyyətdə hiss edə bilər. Bu baxmdan fikir, söz azadlığı elə olmalıdır ki, cəmiyyət üzvlərinin hamısının marağı təmin olunsun. Burada həmçinin mütləq şəkildə etik-əxlaq kodeksinin çərçivələri də qorunmalıdır. Azərbaycanda insanların sərbəst şəkildə özünü və fikrini ifadə etmə və fəaliyyət göstərməsi imkanları mövcuddur. Müstəqillik tariximiz elə böyük olmasa da, sözügedən istiqamətdə mühüm irəliləyişlərə nail olmuşuq. Özünü demokratiyanın beşiyi hesab edən bir çox ölkələrdə insanların öz mövqelərini sərbəst ifadə etməsinə görə sərt təqiblərə məruz qaldıqılarını da görmüşük. Belə ölkələrdən birində seçkilərdən sonra insanların öz mövqeyini azad ifadə etmək cəhdi sərt təpkiylə üzləşdi. Bir çox Avropa ölkələrini də bu mənada neqativ müstəvidə qeyd edə bilərik”.
"Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlının fikrincə, Azərbaycanda cəmiyyət informasiya ilə işləməyi bacarmır:
"Azərbaycanda fikir, söz, məlumat azadlığı tam qənaətbəxş deyil. Hüquqi baxımdan bu istiqamətdə qəbul olunan bütün qanunlar normaldır. Yəni hüquqi cəhətdən bu istiqamətdə hər şey təmin olunub. Konstitusiyadan tutmuş qəbul edilən qanunlarda söz azadlığı, informasiya axtarmaq, tapmaq, onu yaymaq hüququ öz əksini tapıb. Ancaq gerçəklikdə, verilən qanunların həyata keçməsində bu sahədə xeyli problemlər var. İnformasiya vasitələri özünü dolandıra bilməlidir ki, iqtisadi cəhətdən heç kimdən asılı olmasın. Amma ölkəmizdəki KİV-lər özlərini maliyyə-iqtisadi cəhətdən dolandıra bilmir. Belə olan halda isə kütləvi informasiya vasitələri dövlətdən bu və ya digər şəkildə asılı vəziyyətə düşür. Bir zamanlar ölkəmizdə özlərini dolandıra bilən güclü KİV-lər var idi. Lakin sonradan Əli Həsənov və onun komandası prosesi məhvə sürüklədi. İnformasiyanın nə demək olduğunu anlamaq lazımdır. Təəssüf ki, bunu anlayanlar ölkəmizdə çox azdır. İnformasiya ən faydalı və bahalı əmtəədir. Dövlət strukturları və digər informasiya daşıyıcısı olan strukturlar informasiya ilə işləməyi bacarmalıdır. Amma ölkəmizdə informasiya ilə deyil, kütləvi informasiya vasitələrinin özləri ilə işləməyə üstünlük verilir. Bu isə tamamlə yanlış yoldur. Belə olan təqdirdə, potensial oxucu ənənəvi kütləvi informasiya vasitələrinə inanmır. Nəticədə sosial platfortma və şəbəkələrin əhəmiyyəti artır. Burada isə peşəkarlıq qüsuru var. O mənada ki, informasiyanı bölüşən adamların mütləq əksəriyyəti jurnalistikadan xəbərsizdir. Bu isə öz növbəsində dezinformasiyaların yayılmasına şərait yaradır. Ölkəmizdə bir sözlə, sözügedən sahədə əsas problem informasiya ilə işləməyi bacarmamaqdan qaynaqlanır”.
Rüfət Sultan
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
