XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Instagram"dan gələn mesaj baş naziri özündən çıxartdı: "Bədənimdən razıyam"
Dünya12:24 25.08.2026

"Instagram"dan gələn mesaj baş naziri özündən çıxartdı: "Bədənimdən razıyam"

Danimarkanın baş naziri Mette Frederiksen sosial mediada xarici görünüşü ilə bağlı edilən şərhlərə reaksiya verib. Frederiksen ona estetik əməliyyat təklif edən həkimə “Bədənimdən razıyam” cavabını verib.

Qaynarinfo xəbər verir ki, sosial şəbəkələrdən gələn gözəllik məsləhətlərinə etiraz edən Danimarkanın ikinci qadın baş naziri Mette Frederiksen görünüşünü dəyişdirməyi təklif edən estetik cərrahın mesajına sərt cavab verib və qadınları özlərini olduqları kimi sevməyə çağırıb.

Frederiksen Ukraynaya səfəri zamanı hava hücumundan xəbərdarlıq siqnalları ilə üzləşdiyi günün axşamında “Instagram” hesabını açarkən gözlənilməz mesajla qarşılaşıb. Kimliyini açıqlamadığı bir həkim ona “Burnunuzdakı o kiçik qüsuru aradan qaldıra bilərəm” məzmununda mesaj göndərib.

48 yaşlı siyasətçi həmin mesajın ekran görüntüsünü paylaşaraq belə cavab verib: "Mən bədənimdən tamamilə razıyam və bir kişi estetik cərrahın bu barədə fikrinə heç ehtiyacım yoxdur!"

2019-cu ildən hakimiyyətdə olan və Avropanın ən uzun müddətdir vəzifədə olan liderlərindən biri sayılan Frederiksen ictimaiyyət qarşısında olan qadın olmağın belə səthi tənqidlərlə müşayiət edildiyini vurğulayıb.

"İllər ərzində xarici görünüşümlə bağlı neçə mesaj aldığımı saymağı çoxdan dayandırmışam. Guya dişlərim çirkin imiş, saçlarım seyrəkmiş... Burnumdakı "ziyildən" tutmuş "Botoks etdirsəniz yaxşı olar" məsləhətinə qədər hər cür söz eşitmişəm”, deyə baş nazir bildirib.

Son dövrlərdə ABŞ-ın Qrenlandiya ilə bağlı açıqlamalarına sərt mövqeyi və Ukraynaya verdiyi güclü dəstəklə beynəlxalq aləmdə də tez-tez gündəmə gələn Frederiksen izləyicilərindən daha seçici olmalarını istəyib:

"Mənə yazmaq istəyirsinizsə, qapım hər zaman açıqdır. Amma ümid edirəm ki, vaxtınızı burnumu müzakirə etmək əvəzinə daha mənalı məsələlərə sərf edərsiniz. Əllisini keçməyə yaxın bir qadın kimi görünüşümdən tamamilə razıyam".

Belə mesajların insanı qəzəbləndirdiyini bildirən Danimarka baş naziri paylaşımını belə yekunlaşdırıb: "Bu gün dualarım və sevgim hər gün daşımaq məcburiyyətində qaldığımız həmin "qüsurlu gözəlliklərlə" yaşamalı olan hər kəsədir".

Aydın