Xəbər lenti

İnternetdə səsi ilə məşhurlaşan çoban: “Qoyunları artırıb biznesə çevirmək istəyirəm”
Sənət 14:03 14.06.2022

İnternetdə səsi ilə məşhurlaşan çoban: “Qoyunları artırıb biznesə çevirmək istəyirəm”

4 il bundan əvvəl çoban idi, bütün günü səhrada qoyun otarmaqla keçirdi. Günlərin birində dostlarının təkidi ilə qoyun otardığı yerdə "Nazəndə sevgilim” mahnısını ifa etdi. Səsi internetdə yayılan kimi onu bütün Azərbaycan tanıdı. Adı da belə oldu: "Qoyun otardığı yerdə səsi ilə məşhurlaşan çoban..."

Bu gün həmin çoban - Pərvin Səfərov Azərbaycan Milli Konservatoriyasının məzunudur.

Qaynarinfo Pərvin Səfərovla müsahibəni təqdim edir.

- Azərbaycan Milli Konservatoriyasının məzunusunuz. Ali məktəbi bitirəndən sonra fəaliyyətinizi harada davam etdirmək istəyərdiniz? 

- İki yer var, onlardan biri Azərbaycan Dövlət Opera və Balet Teatrı, ikincisi isə Müdafiə Nazirliyinin nəzdində Hərbi Orkestr - bunlardan birində işləmək istəyərdim. Amma əsas məqsədim hərbi orkestrdə işləməkdir. Özüm də hərbidə olmuşam deyə ordakı kriteriyalar mənə uyğun gəlir. Mən vokalı bitirdiyimə görə, Opera və Balet Teatrında da çalışa bilərəm. Əsas odur ki, dövlət qurumlarından birində işləyim. Dövlət Qulluğunda işləyəndə irəli getmək şansı çoxdur. Çünki dövlət tədbirləri var, əgər bu kimi qurumlarda işləsəm, həmin tədbirlərdə iştirak edəcəyəm. Hələ ki, dövlət imtahanlarına hazırlaşıram. İmtahanı verim, məktəblə vidalaşandan sonra işlə bağlı qəti qərar verəcəyəm.

- Artıq səsiniz sərhəddən o yandan, yəni Rusiya, Türkiyədən eşidilir...

- Bəli, dəvətlər var... Sadəcə, tələbə olduğumdan əksəriyyətini qəbul edə bilmirəm. İndi də dövlət imtahanına hazırlaşıram deyə heç gedə bilməyəcəm. Dövlət imtahanı bizdə konsert formatında olacaq. Ariyalar, romanslar oxumalıyam. Bu dəqiqə bütün fikirim dövlət imtanına yönəlib. Yəqin ki, imtahan başa çatmayana kimi Bakıdan kənara çıxa bilməyəcəyəm. Əgər imtahandan sonra Müdafiə Nazirliyinin nəzdində olan hərbi orkestrdə fəaliyyətimi davam etdirsəm, yəqin ki, ondan sonra ölkədən kənara çıxmağım məhdudlaşacaq. Toylara, məclislərə getmək müğənni üçün əlavə gəlirdir, dolanışıq imkanlarıdır. Bu il rayonlarda vəziyyət bir o qədər də ürəkaçan deyil. Məhsuldarlıq, kənd təsərrüfatı çox aşağıdır. Kənd camaatı taxılçılıqla dolanırdı. Bu il çox qıtlıqdır. Bu səbəbdən də hansısa tədbirə getməyə məcbursan. 
 


- 4 il bundan əvvəl internetdə qoyun otardığınız yerdə bir video paylaşıldı. Bütün Azərbaycan sizi səsi ilə məhşurlaşan çoban olaraq tanıdı...
 
- 4 il bundan əvvəl xəyal qurub, onlarla yaşayırdım. Hər gecə yuxumda səhnə görürdüm. Hardan biləydim ki, xəyallarım, yuxularım yazılmış həyatım imiş. Qoyun otardığım yerdə bir video paylaşdım. Həmin video mənə geniş səhnəyə yol açdı. Həyat mübarizədir. Sağ olsunlar, dostum-tanışlarım, mətbuat nümayəndələri mənə elə bil dəstək verdilər ki, bir də baxdım, artıq səhnədəyəm. Nə vaxtsa belə bir həyatımın olacağına inanmazdım. Fəhlə işləyirdim, boş vaxtlarımda qoyun otarırdım. Evdə televizora baxanda səhnədə olan sənət adamlarına həsəd aparardım. Konservatoriya mənim üçün əlçatmaz bir məkan idi. Hamı deyirdi ki, səhnə sənlik deyil, get qoyunlarını otar, fəhlələyini elə, get özünə başqa sənət tap. Təbii ki, bunlar məni qırırdı. Amma Allah məni çox istəyirmiş. Arzuladığım həyatı yaşadım, artıq ali məktəbi də bitirdim.

- Həyatınızın qəfildən belə dəyişməsinə görə kimə minnətdarsınız?

- Mediyaya. Fərqli-fərqli adamlar mənə həm maddi, həm də mənəvi dəstək verdi. Nazirlər Kabinetində Qurban Sadıqov var, ən böyük təşəkkür ona düşür. Mənə böyük dəstəyi olub, həmişə də maraqlanıb. Yeri gələndə iradları da olub. Bundan əlavə, əlimdən tutan digər insanlar da var. Təhsil ödənişlərində sıxıntılarım olub. Hər dəfə də tanımadığım adamlar əlimdən tutub qaldırdlar. Bura kimi gəlməyimdə əməyi olan hər kəsə təşəkkür edirəm. 

- Sizi məşhurlaşdıran qoyunlarınız satılıb, yoxsa...

- Yox, hamısı durur, 20-yə yaxın qoyundur. Acından ölsəm də, dünya şöhrətli olsam da, onları satmaram. Əksinə, qoyunların sayını artırıb biznesə çevirmək istəyirəm. Bir balaca pulum olan kimi bunu edəcəm. Qoyunlara evdə anam baxır. Mənim Pərvin Səfərov kimi tanınmağımda qoyunlar əsas rol oynayıb. İndi hamı ferma yaradır. Həm yunu, həm əti puldur. Özümün də burnumun ucu göynəyir kənd üçün. Şəhər darıxdırıcıdır. Darıxmışam quzuların səsi üçün. Onların mələşməsindən rahatlıq tapıram. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->