Xəbər lenti

Sənət 12:25 01.10.2024

"İradları qəbul etmirəm, deyilənlər məntiqsizdir" - Aşıq Ələsgərin heykəlinin müəllifi

"Aşıq Ələsgərin heykəli ilə bağlı heç kimin tənqidini qəbul etmirəm. Onların hamısı məntiqsizdir. Əgər həmin iradların əsası olsaydı, deyilənlər mənə təsir edərdi". 

Bunu Qaynarinfo-ya açıqlamasında Aşıq Ələsgərin abidəsinin müəllifi, Xalq rəssamı Natiq Əliyev deyib. 

Xalq rəssam hesab edir ki, heykəli tənqid edənlərin heç biri onu yerində görməyib:

"Onlar hansısa fotonun əsasında münasibət bildirirlər. Aşıq Ələsgəri tanıyan, onun əsərlərini bilən, fəlsəfəsini dərk edən şəxs bu heykələ irad bildirə bilməz. Aşıq Ələsgər solaxay olub. Saz aşıq üçün çox müqəddəsdir, onu sinədə tutmaq, bağrına basmaq və başı üstə tutmaq da olar. Mən bilirəm ki, aşıq və saz, ustadın saza münasibəti nədir. Aşıqlar sazı istəlinən şəkildə tuta, lazım gələndə başlarının üstünə də qaldıra bilər. Aşıq Ələsgər təkcə sazla söz deməyib. Onun şeirləri, fəlsəfəsi də var, özü qamətli şəxs olub. Uzaqgörənliyi də olub. Aşıq Ələsgər orada saz çalmır, sanki ayağa qalxıb deyir ki, torpaqlarımız işğalda qalıb, mən vətənimə qayıtmalıyam. Belə bir adam sakit otura bilməz. Onun dizinin üzərində saz olan fotosu var. Dizi üstə onu saz çalan görmüsünüz? Niyə demirlər ki, aşıq dizinin üstündə saz çalır. Heç bir məntiqə uyğun olmayan iradlardı, o adamların deməyə sözü yoxdur".
 


Natiq Əliyev bildirib ki, torpaqlar alınandan sonra Aşıq Ələsgərin qəbirinin üstü də düzələcək:

"Məzarı üstündə qoyulacaq heykəli oturan yerdə olacaq. Çünkü Aşıq Ələsgər arzusuna çatıb, sakitləşib və ürəyi yerinə gəlib. Aşıq Ələsgərin heykəli mahnı oxumur, bu bizə bir çağırışdır. Qayanın üzərində qartal kimi dayanıb. Mən onun heykəli qoyulan qayanın üstündə şerirlərindən bəndlər yazmışam".

Natiq Əliyev onu tənqid edənlərə Aşıq Ələsgərin həyat və yaradıcılığını oxumağə tövsiyyə edib: 

"Mən saatlarla onun həyatını danışa bilərəm. Amma onun həyatı bilməyən biri heykələ necə münasibət bildirə bilər".

Qeyd edək ki, sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı keçirilib. Açılışdan sonra Dədə Ələsgərin heykəli tənqid olunub. Buna səbəb Aşıq Ələsgərin sazı başının üstündə tutması olub. 

Bahar Rüstəmli
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->