Xəbər lenti

İran hərbi gəmilərinin ardından Netanyahunun gəlişi - Ekspert şərh etdi
Siyasət14:16 20.10.2016

İran hərbi gəmilərinin ardından Netanyahunun gəlişi - Ekspert şərh etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün İran hərbi gəmilərinin Bakıya gəlməsinin ardından İsrailin baş naziri Benyamin Netanyahunun dekabrda səfəri gözlənilir.

Hər iki dövlətlə son zamanlar Azərbaycanın münasibəti çox yaxşıdır. Amma uzun müddətdir ki, İran-İsrail münasibəti gərgin olaraq qalır. Belə olan halda səfərlərin Azərbaycanda baş tutması nədən xəbər verir?

Məsələ ilə bağlı ReAl-ın İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı Qaynarinfo.Az-a şərh verdi:

"Azərbaycanın iki dövlətlə indiki xarici siyasətinə baxanda İsrail bizim strateji portnyorumuzdur. Bütün beynəlxalq məsələlərdə və beynəlxalq təşkilatlarda İsrail bizi dəstəkləyir. İsrail-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Bizim İsraillə də hərbi əməkdaşlığımız var, ordumuz üçün hərbi texnika və silah-sursat bu dövlətdən alınır. Azərbaycan da İsrail üçün bu bölgədə önəmli ölkədir. Çünki İsrailin rəqibi olan İran bizimlə qonşu dövlətdir. Azərbaycan həmçinin Yaxın Şərqə imkanı olan, Türkiyə və İranla qonşu olan, o cümlədən də Rusiya vasitəsilə Suriyaya təsir imkanı olan ölkədir. Bu baxımdan, Azərbaycan İsrail üçün açar ölkədir. Azərbaycanla İsrail arasında həmişə diplomatik əlaqə olub və indi də var".

Azər Qasımlı bildirir ki, İsrail baş nazirinin Azərbaycana gəlişinin məqsədi Azərbaycanla Rusiya, İran və Türkiyə arasında münasibətləri müzakirə etmək, Azərbaycan-İsrail münasibətlərinə bir daha göz gəzdirmək, irəlidə Azərbaycana satıla biləcək hərbi texnikalar haqqında, sazişlər haqqında danışmaq və o cümlədən Azərbaycanın öz təhlükəsizliyi ilə bağlıdır:"Bildiyiniz kimi, İsrail hər zaman Azərbaycan iqtidarına böyük dəstək verib. İranın hərbi gəmilərinin bu ərəfələrdə gəlməyi bir az qaranlıq məsələdir. Çünki Azərbaycan-İran münasibətlərinə baxanda strateji portnyorluq baxımından nəsə demək çətindir. İranla yalnız mehriban qonşuluq münasibətləri var. Bu baxımdan, İran hərbi gəmilərinin gəlməsi sual doğurur. Suriyada gedən prosesə İran, Rusiya, ABŞ və Türkiyənin cəlb olunduğu bir dövrdə İranın hərbi gəmilərinin gəlməsi şəxsən mənə də qaranlıq qalır".

Fuad Zərgərov 

Qaynarinfo.Az