Xəbər lenti

Dünya 15:58 25.12.2023

İran Rusiyaya nota göndərdi - Bu, münasibətlərə necə təsir edəcək? (ŞƏRH)

"Rusiya Fars körfəzindəki 3 ada ilə bağlı mövqeyindən geri çəkilməyəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli İranın Fars körfəzindəki 3 adaya münasibətdə tutduğu mövqeyə görə Rusiyaya etiraz notası verməsinə münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, təxminən 5-6 ay bundan əvvəl də İran Rusiya səfirinə anoloji etiraz notasını təqdim etmişdi:

"Rusiya həmin dövrdə də Fars körfəzindəki üç ada ilə bağlı Birləşmiş Ərəb Əmirliyinin mövqeyini müdafiə edib. İndi də görünən odur ki, Moskva sözügedən məsələdə tutduğu mövqeyindən geri çəkilmək fikrində deyil. Onlar deyir ki, tarixi və coğrafi faktlara əsaslanaraq bu cür hərəkət ediblər. Tehran isə zorla çalışır ki, Rusiyanı ərəblərə qarşı çevirsin. Lakin onların bu istəyi alınmayacaq. Çünki həmin 3 ada məsələsi BMT tərəfindən də ərəb adaları kimi qəbul edilib. Moskva da bu müstəvidə siyasi konyukturaya uyğun olaraq hərəkət edir".
 


Buna baxmayaraq, həmsöhbətimizə görə, bu vəziyyət İranla Rusiya arasında gərginlik yaratmayacaq:

"İki ölkə arasında bir-birinə yaxınlaşdıran daha prinsipial məsələlər var. Bu prinsipial məsələlər bütün hallarda Moskva ilə Tehranı strateji əməkdaşlığa dəvət edir. Bir-birinin maraqlarına cavab verən strateji məsələlər fonunda Fars körfəzindəki 3 adaya münasibətdə fərqli yanaşma onlar arasında açıq müstəvidə gərginliyin yaranmasına gətirib çıxarmayacaq. İran bu məsələdə sona qədər mübarizə aparmağa çalışır, amma heç bir nəticə hasil olmayacaq. Lakin Moskva Tehran münasibətləri də korlanmayacaq”. 

Qeyd edək ki, Rusiyanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası verilib. Buna səbəb isə çərşənbə günü Mərakeşdə keçirilən Rusiya-Ərəb Əməkdaşlıq Forumunun VI sessiyasının iştirakçılarının yekun bəyanatı və Moskvanın da həmin bəyanata imza atmasıdır. 

Sessiyada iştirak edən Rusiya və ərəb ölkələrinin xarici işlər nazirləri Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları probleminin beynəlxalq hüquq prinsipləri və BMT Nizamnaməsinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->