Xəbər lenti

İranda yeni etirazlar dalğası: “Mollalar rədd olsun”, “Düşmən ABŞ deyil” (VİDEO)
Dünya06:21 26.05.2022

İranda yeni etirazlar dalğası: “Mollalar rədd olsun”, “Düşmən ABŞ deyil” (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın cənubunda yerləşən Abadan şəhərində gecə ərzində hökumət əleyhinə radikal şüarlar səsləndirilib.
Qaynarinfo bu barədə "Iraninternəşnal" xəbər telekanalına istinadən xəbər verir.
Üç həftə öncə, İranda bahalaşmaya qarşı etiraz aksiyaları məhz bu əyalətdən başlayıb və ən azı altı nəfər polisin açdığı atəş nəticəsində həlak olub.
Yeni aksiya dalğası, ticari binanın çökməsi və onlarla insanın dağıntılar altında qalması ilə bağlıdır. Hələlik 16 nəfərin meyiti çıxarılıb, ancaq onlarla meyitin dağıntılar altında qaldığı bildirilir.
İran hökuməti iddia edir ki, Abadanın Metropole ticarət binasının sahibi Abdul Baqi də hadisədə ölüb, ancaq aksiyaçılar onun diri olduğu və yüksək vəzifəli məmurlar tərəfindən xaricə qaçırıldığından şübhələnirlər.
Binanın qeyri-standart tikilişinə göz yuman şəhər icra hakimiyyətinin 11 vəzifəli məmuru həbs olunub.
Çərşənbə axşamı, keçirilən mitinqdə etirazçılar "Mollalar rəd olsun", "Düşmən ABŞ deyil, molladır", "Abdul Baqi ölməyib" şüarları səsləndiriblər.
Etiraz aksiyası gecəyarı saatlarına qədər davam edib. Şahidlərin dediyinə görə, Abadan və onun ətraf şəhərlərində internet kəsilib, təhlükəsizlik və polis qüvvələri aksiyaları dağıtmağa cəhd göstərib.
M.Arif