Aksiyaçılar hesab edir ki, Ermənistanın “Gömrük İttifaqı”na qoşulması ölkənin işğalı deməkdir
Ermənistanın Paytaxtında yenidən etirazlar baş qaldırıb. Ölkə əhalisi Ermənistanın "Gömrük İttifaqı"na daxil olmasına qarşı çıxır. Onların fikrincə Ermənistan bu ittifaqa qoşulacağı təqdirdə öz müstəqilliyini itirəcək.
Ermənistan telekanallarının məlumatına görə isə dekabrın 2-də bu ölkəyə səfər edəcək Rusiya prezidentinin səfəri öncəsi bu cür mitinqlər həm də rəsmi İrəvanın ötən gün Avropa Birliyi ilə əməkdaşlıqdan imtina etməsindən irəli gəlir.
“Öz müqəddəratını təyinetmə Milli Birliyi”nin lideri Paruyr Ayrikyanın fikrincə, Vilnüsdə assosiasiya haqqında sazişi imzalamadan imtina erməni xalqına qarşı edilən ən böyük səhv idi.
“Prezident Serj Sarkisyan sadəcə olaraq erməni xalqı üçün irəliləyiş imkanlarından imtina etdi”.
Ermənistan prezidentliyinə keçmiş namizəd bəyan edib ki, hətta əgər Rusiya tərəfindən təzyiq olsaydı belə, bunu açıq şəkildə demək lazım idi, xalq Ermənistanın nə üçün Avropa İttifaqını deyil, Gömrük İttifaqını seçdiyini bilməli idi. Mitinq zamanı çıxış edənlər, əsasən “Gömrük İttifaqına” qoşulmağa qarşı çıxış etməyə çağırıblar.
“İrs” partiyasının nümayəndəsi David Sanasaryanın sözlərinə görə, dekabrın 2-də, Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfər edəcəyi gün İrəvanın mərkəzində etiraz aksiyasını keçirməyi planlaşdıran xüsusi təşəbbüs qrupu yaradılıb. Növbəti mitinq dekabrın 6-da olacaq.
Qaynar.info