“2004-cü ildə İmişli Rayon İcra Hakimiyyəti dövlət fonduna aid və sənaye ehtiyatı müəyyən edilən torpaqdan rəhbəri olduğum “Şəxrux” kiçik müəssisəsinə qum və çınqıl məhsullarının istehsalı üçün 3 hektar sahə ayırıb.
Ondan bir müddət istifadə etmişəm. Lakin sonradan keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri Vüqar Məmmədovun “Bəhrəmtəpə tikinti materialları” ASC-yə verdiyi 17.11.2009-cu il tarixli, 109 saylı məktubunda müəssisənin 117 hektar torpaq sahəsinə malik olduğu göstərilib və akt imzalanıb. Elə bu sənəd əsasında rəhbərlik etdiyim müəssisənin istifadəsində olan 3 hektar qanuni torpaq sahəsi əlimdən alınaraq adıçəkilən müəssisəyə verilib”.
Bunu virtualaz.org saytının Şirvan bürosuna müraciət edən İmişli rayon sakini Ramiz Hümbətov bildirib.
İş adamı imkanlı və vəzifəli şəxslərin birləşərək ona qarşı etdiyi haqsızlıqlardan söz açıb: “Sonralar müraciət etdiyim məhkəmələr də bu imkanlı adamların qanunsuz mövqeyini müdafiə edərək əslində asudə dövlət fonduna aid torpaqların “Bəhrəmtəpə tikinti materialları” ASC-yə qaytarılması barədə qərar çıxarıb.
Ən ziddiyyətli və qanunsuz məqam isə odur ki, İmişli Rayon İcra Hakimiyyətinin 24 avqust, 2004-cü il tarixli, 254 saylı sərəncamı ilə asudə dövlət fondu torpağı kimi istifadə üçün “Şəxrux” kiçik müəssisəsinə verilmiş 3 hektar torpaq sahəsi məhkəmə vasitəsi ilə guya “Bəhrəmtəpə tikinti materialları” ASC-yə məxsus olması adı ilə alınıb. Yenidən İmişli RİH-in bu dəfə 30 yanvar, 2014-cü il tarixli, 24 saylı sərəncamı ilə “Bəhrəmtəpə tikinti materialları” ASC-nin sədri Nakim Şərifova məxsus “Tural.Ş” MMC-yə asudə fond torpağı kimi istifadəyə verilib.
Belə çıxır ki, İmişli RİH məhkəmə qərarının yalnız özünə sərf edən tərəfini tanıyır, sərf etməyənini yox.
Bu günlərdə isə başıma gətirilən haqsızlıqlarla bağlı Prezident Administrasiyasına ünvanladığım məktub tədbir görülmək üçün İmişli RİH-ə göndərilib. RİH-dən mənə bildirilib ki, məhkəmə icra hakimiyyətinin əvvəlki qərarını ləğv etdiyi üçün torpağınız əlinizdən alınıb. Məhkəmə çıxardığı əsassız qərarda isə guya həmin torpağın “Bəhrəmtəpə tikinti materialları” ASC-yə məxsus olması göstərilib. Əgər belədirsə, bəs onda nəyə görə mənim əlimdən alınmış torpaq İmişli RİH-in sərəncamı ilə asudə fond torpağı kimi “Tural.Ş”-yə icarəyə verilir?”
Ramiz Hümbətov əlində olan rəsmi sənədlərə istinad edərək onu da qeyd etdi ki, hazırda “Bəhrəmtəpə tikinti materialları” ASC qanunsuz olaraq 117 hektar sahədən təkbaşına istifadə edir: “Halbuki Vergilər Nazirliyinin 8 saylı ərazi idarəsindən bildirilir ki, vaxtaşırı təqdim etdiyi məlumatlarda “Bəhrəmtəpə tikinti materialları” ASC-nin istifadəsində cəmi 112 160 kvadratmetr, başqa sözlə, 11,2 hektar torpaq sahəsi var. Əgər ASC-nin istifadəsində olan torpaq sahəsi 117 hektardısa, niyə vergi orqanını aldadıb onun 100 hektarını gizlədir? Əgər həqiqətən elə 11,2 hektardısa, niyə mənim əmlakım əlimdən alınaraq ona verilib?

Ortada cinayət faktı var- 100 hektarlıq dövlət fond torpağı qanunsuz olaraq özəl bir müəssisəyə verilib. Həm də nəzərə alınmalıdır ki, həmin sahədə yerin təkindən təbii sərvət - qeyri-filiz materialı olan tikinti qumu və çınqıl xammalı çıxarılır. Özəl bir müəssisəyə peşkəş edilmiş torpağa görə nə icarə haqqı alınır, nə də yerin təkindən çıxarılan sərvətə görə vergi. Belə çıxır ki, dövlətin ziyanına baş verən bu qanunsuzluqlardan əlaqədar məmurlara da da pay çatdığından haqqı nahaqqa qurban verirlər. Mənim hüquqlarımı açıq-aşkar pozan tərəf çox imkanlıdır. Onların qanunsuzluğuna yalnız dövlət rəhbərliyinin müdaxiləsi ilə son qoymaq olar”.
Qaynar.info








