Xəbər lenti

İsa Məsihin və Leninin Aprel tezisləri...
Hüseynbala Səlimov
Ölkə06:19 20.04.2020

İsa Məsihin və Leninin Aprel tezisləri...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
Rusların bu qarşıdakı günlərdə iki yubiley xarakterli, sözün əsl mənasında təntənəli bayramları var ki, bunlardan biri də aprelin 22-də Vladimir Leninin doğum günüdür (zarafat deyil, dünyanın ən böyük utopistlərindən birinin düz 150 illiyi qeyd olunmalıdır!) və aydındır ki, bunu Rusiyada qeyd etsə-etsə, cəmi bir neçə qoca kommunist edəcək, daha doğrusu, etməyə çalışacaq – "yoldaş Gena”, yəni Züqanov başda olmaqla onlar Qırmızı Meydanda İliçin mavzoleyinin önündə toplaşmağa çalışacaq, yaddaşlarındakı kommunist şüarlarını qışqırmağa cəhd edəcəklər.
Digər bayramsa mayın 9-da olmalıdır. Bəli, söhbət faşizm üzərində qələbədən gedir. Bununla bağlı ötən il çox böyük təntənələr planlaşdırılırdı, sadəcə, pandemiya bütün kartları qarışdırdı. Əslində elə bu da kommunistlərlə bağlı bayramdır, hətta, haradasa, onların qələbəsidir, çünki bu qələbə də kommunistcəsinə, bolşeviksayağı əldə olunmuşdu.  
Sözün düzü, bununla bağlı necə olacağını bilmirik. Çətin ki təntənəli beynəlxalq tədbir alınsın – yox, bu haqda heç danışmağa dəyməz, ən azı ona görə ki, bu yayda keçirilməli olan olimpiada təxirə salınıb, o da qala, rusların qələbə bayramı ola...
Bizə, özümüzə gəldikdə, əlbəttə, faşizm üzərində qələbəyə müəyyən sayğımız var, həm də bunda müəyyən qədər payımız da var – bizim yüz minlərlə insanımız həlak olub bu qələbənin əldə olunması üçün! Amma incə bir məqam da var: mayın 8-də axı Şuşa işğal olunub... 
Bunu necə edək? Belə bir Azərbaycan şəhərinin olmasını, ümumiyyətlə, unudaqmı, yaddan çıxaraqmı? 
Əslinə qalsa, on illər ərzində qeyri-iradi olaraq buna çalışmışıq, amma alınmır və heç vaxt alınmayacaq da – hətta Şuşanı görmüş, orada yaşamış nəsil tamamilə dünyasını dəyişsə belə...
Ona görə də belə alınır ki, mayın 8-də Şuşa üçün acı, 9-da isə faşizm üzərində qələbə üçün sevinc göz yaşlarımızı tökməliyik? Alınarmı? Yox yəqin ki!.. 
Bəli, on illər bundan əvvəl cox acılar yaşandı – bir vaxt bir olan sovet ordusu qəlpələnərək bu vaxta qədər gizli qalmış faşistlərin, o cümlədən  ermənilərin nəzarətinə keçdi və keçmiş Sovet İttifaqı ərazisində yaşayan xalqlara qarşı vuruşmağa başladı - əvvəl Xocalı kimi faicə - qətliam baş verdi, daha sonra Azərbaycanın şəhər və rayonları, o cümlədən də Şuşa işğal olundu...
Bilirsiniz, həyatda və eləcə də tarixdə maraqlı təzadlar var. Mən bu sətirləri yazanda ölkəmizdə və dünyamızdakı xristianlar Pasxanı qeyd edirdilər. 
Bəli, Pasxa yazda, apreldə olur. İnanclara görə, İsa Məsih məhz bu gündə çarmıxa çəkiləndən sonra yenidən dirilib və təkrar qayıdacağı vədilə Qeybə çəkilib. Maraqlıdır ki, nəinki xristianlığın, ümumiyyətlə, bütün dinlərin düşməni olan Lenin də özünün "Aprel tezisləri”ni bu ayda yazıb və Rusiyada burjua inqilabını sosialist inqilabına çevirməyin zəruri olduğunu əsaslandırmağa cəhd edibdi və hətta kommunistlərin 70 il ərzindəki təbliğatına görə, buna nail də olubdur. 
Sonrakı illər də məsələni olduğu kimi saxladı, yalnız və yalnız bircə düzəlişlə: bu məsələdən danışanda Oktyabr İnqilabından yox, Oktyabr çevrlişindən danışmaq daha düzgün olardı...
Amma aprel məsələsi məni bir az da uzaqlarıa çəkir. 1918-ci ildə, Oktyabr çevrlişindən bir neçə ay sonra rus poeziyasının ən qüdrətli və yaddaqalan simlarından biri, rus poeziyasının "Gümüş dövrünün” ən parlaq simalarından olan A.Blok "On iki” adlı poemasını yazmışdı və nə qədər qəribə olsa da, burada ateist Oktyabr çevrilişilə ibtidai xristianlıq arasında müəyyən parallellər aparmışdı: irəlidə gedən İsa Məsih və əlbəttə, onun 12 şagirdi – ardıcılı...
Əlbəttə, bizim bu məsələnin kökünə qədər gedəcək ədəbi biliyimiz yoxdur, sadəcə, hətta 70 illik sovet ateizm dövrü göstərdi ki, dinsiz heç bir halda keçinmək mümkün deyil: məgər SSRİ-də dinlərin yerini elə bolşevizm-kommunizm təlimi tutmadımı? Bolşevizm özü bir erzats-dinə çevrilmədimi?..
Odur ki, A.Blokun bu intuisiyası indiyə qədərkindən daha çox diqqət tələb edir, hərçənd, o, poemadakı xristian motivlərini ən yaxşı halda adi təsadüf kimi izah edirdi. 
Biz Hegelin öyrətdiyinə rəğmən, təsadüfləri, ümumiyyətlə, inkar etməsək də, bütün hallarda, bunun təsadüf olmasına da inana bilmirik, ən azı ona görə ki, erkən xristianlıq, hətta ibtidai islamla və eləcə də iudaizmlə sosializm arasında müəyyən yaxınlıq vardı, çünki bunlar da əzilənlərin dini idi, çünki bunlarda da ilkin olaraq icmaçılıq və s. meyllər çox güclü idi...