Turqut Qəmbər: “Ən azı 500 nəfər üzvlük üçün müraciət edib”
“Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər aprelin 17-də “Media forum” saytına açıqlama verib. O, “Nida”nın həbs olunan üzvlərinin azadlığa çıxması üçün apardıqları işlərdən danışıb.
“Nida”çılar Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı həbsdədir. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onlara mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürüb.
Turqut Qəmbər “Media forum”a deyib ki, bir çox yerli və beynəlxalq təşkilatlara həbslərlə bağlı məlumatlar verirlər: “Biz həbs olunan üzvlərimizlə bağlı beynəlxalq təşkilatlar, beynəlxalq insan hüquqları qurumları ilə əlaqədəyik. Onlara proseslər barədə davamlı olaraq məlumatlar veririk və onlar da məlumatlara əsasən prosesi izləyir, öz bəyanatlarını hazırlayırlar. Əlaqələrimiz həbs olunan üzvlərimiz azadlığa çıxana qədər davam edəcək. Eyni zamanda yerli ictimaiyyət nümayəndələri, insan hüquqlarının müdafiəçiləri ilə də daimi müzakirələrimiz olur”.
“Kütləvi aksiya keçirmək nəzərdə tutulurmu” sualını Turqut Qəmbər belə cavablandırıb: “Bu cür müzakirələrimiz hər zaman olur. Hər hansı bir aksiya həbsdəki üzvlərimizin azad olunmasını yaxınlaşdıracaqsa, o zaman aksiyalar keçirəcəyik. Bildiyiniz kimi, proseslər artıq stabil məcraya keçib. Üzvlərimizi Bakı İstintaq Təcridxanasına köçürüblər, hər biri vəkillə təmin olunub, vəkillər onlarla, biz vəkillərlə mütəmadi olaraq görüşürük, müzakirələr aparırıq”.
Turqut Qəmbər Bakı İstintaq Təcridxanasında saxlanan Rəşad Həsənovun problemlərindən də danışıb: “Rəşad Həsənovu narahat edən problemlər ona qəzet verilməməsi və yaxınları ilə görüşə bilməməsidir. Qəzetlə bağlı problemi qəzetlərə abunə olaraq həll etmişik. Onların Rəşada çatıb-çatmaması isə həbsxana rəhbərliyindən asılıdır. Yaxınları ilə görüşməsi üçün isə vəkillər çalışır”.
İdarə Heyətinin üzvü “Nida” Vətəndaş Hərəkatına üzvlük üçün yüzlərlə müraciət daxil olduğunu bildirib: “İlk həbslərdən bu günə qədər ən azı 500 nəfər üzvlük üçün müraciət edib. Müraciət edənlərlə görüşür, söhbətləşir və hərəkatımıza qəbul edirik”.