"Bundan sonra da yaradıcılıq sahəsində fəaliyyət göstərəcəm".
Bunu Qaynarinfo-ya açıqlamasında İrəvan Dövlət Azərbaycan Dram Teatrının sabiq direktoru İftixar Priyev deyib.
Aktyor bildirib ki, bundan sonra hər hansı bir işdə etimad göstərilərsə, yerinə yetirməyə hazırdır:
"Mən bir əsgərəm. Dövlətimin, sənətimin, millətimin əsgəriyəm. Əgər hansısa bir sahədə mənə ehtiyac olsa, əsgəri borcumu davam etdirməyə hazıram. Heç vaxt geri çəkilmərəm. Çünki bu ömür bizə ona görə verilib ki, sənətimizə, peşəmizə, dövlətimizə xidmətimizi ləyaqətlə həyata keçirək. Bu vaxta qədər vicdanlı xidmət göstərmişəm, ləyaqətlə çalışmışam, bundan sonra heç vaxt geri çəkilmərəm. Üzərimə bir vəzifə qoyulsa, etimad göstərilsə, onu davam etdirməyə hazıram. Məndə boş dayanmağa həvəs yoxdur. Heç zaman boş dayanmamışam".
İftixar Priyev hazırda bir neçə əsər üzərində işlədiyini vurğulayıb:
"Mənim dincəlməyim yazmaqdır. Heç vaxt əlimi əlimin üstünə qoyub oturmamışam. Yazılarımla məşğulam, elmi işimi yekunlaşdırıram. Qarşıda müdafiəm var. İrəvan Teatrında mərhum Elçin müəllimin "Stalin” əsəri əsasında qeyri-səlist məntiq nəzəriyyəsi sistemi ilə "Stalinizm” adlı tamaşa hazırlayıram. Tamaşa tam qurulub, üzərində işlər yekunlaşıb, yalnız bir neçə məşqlərə ehtiyac var. Əgər İrəvan Teatrı məsləhət bilsə, onu teatrsevərlərə təqdim edəcəm. Bu Elçin müəllimin ruhu qarşısında mənim verdiyim sözdür. Yox, əgər İrəvan Teatrı məsləhət bilməsə, bu istiqamətdə heç bir iş aparmayacam, tamaşa dayanmış hesab olunacaq. Neçə vaxtdır ki, İrəvan Teatrı "Kral Lir” tamaşası üzərində işləyir. Rejissor mənim həmin tamaşada Kral Lir obrazında oynamağım üçün israrlıdır. Məşqlərin xeyli hissəsində iştirak etmişəm. Teatrın yeni rəhbərliyi uyğun bilsə, sözügdeən tamaşada da işimi davam etdirəcəm".
İftixar Priyev onu əvəzləyən, səlahiyyətlərini icra edən Zivər Ağayeva ilə bağlı da danışıb:
"Nazirlik məsləhət bilib, yəqin ki, uğurlu olar. Hər halda təyinat var, bunun özü xoş haldır. Mən bu təyinatı alqışlayıram. Çünki İrəvan Teatrı mənim üçün doğma bir məkandır. Əsas odur ki, teatr işləyir".
Bahar Rüstəmli
Şərhlər