ŞİD artıq Avropanın turizm məkanlarını vurmaqla təhdid edir. Belə ki, son məlumatlara görə, bu terror təşkilatının Avropadakı hücumlarına dəstəyi təmin etdiyi iddia olunan 26 yaşlı şəxs İspaniyanın əsas turizm adası hesab olunan Malyorkada tutulub. Sözügedən şəxs keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
O, milli təhlükəsizliyə təhdid yaratmaqda, internet vasitəsilə İŞİD terror təşkilatı üçün yeni adamlar tapmaq və İŞİD-i xarici ölkələrdə lazım olan vasitələrlə təmin etmək və Avropa ölkələrində terror hücumları təşkil etməkdə günahlandırılır.
Bu fakt, eləcə də daha öncə Avropa dövlətlərində baş verən terror hadisələri onu göstərir ki, İŞİD bu yay daha çox Avropa turizminə zərbə vurmağa cəhd edəcək. Heç bir hadisə baş verməsə belə, sırf bu təhdid insanlara psixoloji təsir edərək, onları Avropanın turizm məkanlarına getməkdən çəkindirəcək.
Məsələyə münasibət bildirən turizm üzrə ekspert Çingiz İsmayılov qeyd etdi ki, bir dəfə baş verən hadisəni ümumiləşdirib, konkret fikir söyləmək çətindir: “Bir hadisədən çıxış edərək, bu barədə ciddi bir fikir səsləndirmək olmaz. Ancaq əgər belə hallar bir neçə dəfə təkrar olunsa, təbii ki, o risk artacaq və ola bilsin ki, turizmə də böyük zərbə dəysin”.
Politoloq Qabil Hüseynli isə artıq Avropanın da bu həyəcan siqnalını aldığını və ciddi tədbirlər həyata keçirdiyini bildirdi: “Turizm mövsümü başlayana qədər İŞİD-in axırına çıxacaqlar. Hazırda İŞİD-ə qarşı ciddi mübarizə gedir. Bu mübarizə nəticəsində onlar bir çox mövqelərdən vurulub çıxarılır. Örgütün içində ciddi panika və oradan qaçıb canını qurtarmağa çalışan adamlar var. Ancaq bu təşkilat ömrünün son anlarına yaxınlaşdıqca, daha təhlükəli olmağa başlayıb. Əsas diqqətini terror aktlarına çevirib. Ancaq onların əsas hədəfi Türkiyədir. Avropa ölkələrindən Almaniyanı, Fransanı çökdürməyə çalışırlar. Ancaq Avropa son dövrlər xüsusi xidmət orqanlarının fəaliyyətini gücləndirib. Həm də mühüm strateji əhəmiyyət kəsb edən obyektlərin qorunmasını artırıb. Bu gün Avropanın aeroportlarında, metrolarında, sərhədlərində ciddi yoxlamalar var. Ayrı-ayrı ölkələr öz sərhədlərini ciddi şəkildə qorumağa başlayıblar. Bu isə, terrorçuların Şengen zonasına daxil olan ölkələrə girməsini xeyli çətinləşdirib”.
Politoloq bu sahədə Avropa dövlətlərinin, eləcə də Türkiyənin qarşılıqlı əməkdaşlıq etdiyini vurğuladı: “Bu sahədə Türkiyə kəşfiyyatı ciddi rol oynayıb. Bu günlərdə Türkiyənin hüquq-mühafizə orqanları partlayış törətmək məqsədilə Almaniyaya gedən iki nəfərin bütün məlumatlarını əldə edib, Almaniya polisinə ötürüblər. Əlbəttə heç bir ölkə terrordan sığortalanmayıb. Ancaq indi Avropa ölkələri son terror olaylarından sonra daha yaxşı qorunmağa və terrorçuları ölkəyə buraxmamağa səy göstərirlər. Bundan başqa, terrorçu təşkilatların axırına çıxmaq üçün fəallıq göstərirlər. Amerika İŞİD-ə qarşı mübarizə aparacaq seçmə dəstələri İraq ərazisinə göndərib. Onların sayı 4 mini keçib. Bunu Türkiyə və Səudiyyə Ərəbistanı da edir. Lakin ortada bir Bəşər Əsəd və Rusiya problemi var ki, onlar mübarizəyə mane olur. Önəmli məqamlardan biri budur ki, Avropaya miqrant axını səngiyib, oradakı miqrantların da Türkiyəyə ötürülməsi ilə bağlı danışıqlar gedir. Miqrant adı ilə Avropaya getmək istəyənlərin süzgəcdən keçirilməsi prosesi uğurla aparılır. Bütün Avropa dövlətləri əsas diqqətlərini bu istiqamətdə yönəldib, terrordan qorunmağa çalışırlar”.
Qaynarinfo.az